“Maaşın azlığından danışılsa, daha yaxşı olar” – Aktyorlardan teatrdan “çıxarılma”larına reaksiya + FOTO

Mədəniyyət

Tanınmış aktyorların yaş həddinə görə işdən çıxarılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar dolaşırdı. Bununla bağlı açıqlama verən Mədəniyyət Nazirliyi adları çəkilən Xalq artistləri Valeh Kərimov, Hacı İsmayılov, Əli Nur, Ramiz Məlik və Səidə Quliyevanın işdən çıxarılmalarını təkzib edib.

Nazirlikdən vurğulanıb ki, teatrlarda kadr dəyişikliyi labüddür:

“Ona görə də imkan daxilində biz həm gənclərin işlə təmin olunmasına, gənclərə meydan verilməsinə, həm də qocaman sənətkarlarımızın uzun illik təcrübəsindən faydalanmağa çalışırıq”.

Akademik Milli Dram Teatrından isə adıçəkilən aktyorların ştat cədvəli üzrə maaş aldıqları bildirilib:

“Təəssüf ki, sosial şəbəkələrdə yanlış rəy yaratmaq istəyənlər var. İnsanları çaşdırırlar. Yayılan xəbər doğru deyil. Adıçəkilən sənətkarlar teatrda öz işlərini davam etdirirlər. Onları xalq sevir, onlar Azərbaycan teatrı üçün dəyərdirlər. Yaşı 65-i keçən heç kim işdən çıxarılmayıb, heç kim yarımştata keçirilməyib. Akademik Milli Dram Teatrının hər bir aktyoru ştat cədvəli üzrə maaş alır”.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı adıçəkilən aktyorlarla əlaqə saxlayıb.

Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Ramiz Məlik məsələyə aydınlıq gətirməyərək sualımızı cavabsız qoyub.

Xalq artisti Hacı İsmayılov yayılan məlumatların onunla əlaqəsi olmadığını təsdiqləyib:

“Məsələdən xəbərim yoxdur. Kimlərin adımı çəkdiyini bilmirəm. Lakin bu işə ciddi yanaşmıram. Yanlış məlumatlardır. Hazırda teatrda səkkiz tamaşada rol almışam. Teatrdan azad olmağımın bir səbəbi yoxdur. Teatrın 80 faiz tamaşasında rol alıram. Mümkünsüzdür”.

Xalq artisti Səidə Quliyeva Akademik Milli Dram Teatrının bu günə qədər hər hansı bir aktyoru təqaüdə göndərmədiyini söyləyib:

“Elə bir şey yoxdur. Mənim adımı təsadüfən İlham Rəhimli çəkib. O da məni çox istədiyindən. Son günlər “gündəmə gəlmişəm”. Araşdırmadan yazırlar. Elə bir məsələ yoxdur. Akademik Milli Dram Teatrında nəinki mənə qarşı, məndən də yaşlı olan insanlara qarşı bunu tətbiq etmirlər. Bu günə qədər heç bir aktyoru təqaüdə göndərməyiblər. Aktyorun maaşını verməyiblər kimi söhbət yoxdur.

Mən artıq 45 ildir ki, teatrda işləyirəm. Burada mənə münasibət daha da yaxşılaşır. Rolumu oynayıb, maaşımı alıram. Qalmaqallı aktrisa deyiləm. Başımı aşağı salıb, illərlə xalqıma xidmət etmişəm. Bundan sonra da davam edəcəyəm. Hazırda üç tamaşada rol alıram”.

S.Quliyeva qeyd edib ki, maaşın azlığından danışılsa, daha yaxşı olar:

“Bu söhbət, sadəcə, ondan irəli gəlir ki, İlham Rəhimli mənim, Hacı İsmayılovun, Əli Nurun, Ramiz Məlikin adını çəkib. Lakin bunun bizim teatra aidiyyəti yoxdur. Azərpaşa Nemətov ilk gündən deyib ki, “aktyorlar ömürlərinin sonuna qədər səhnədə olmalıdırlar. Əgər hiss etsələr ki, işləyə bilmirlər, öz istəkləri ilə çıxa bilərlər”. Maaşın azlığından danışılsa, daha yaxşı olar”.

Sumqayıt Dövlət Dram Teatrının aktyoru, Xalq artisti Valeh Kərimov əlavə edib ki, bu söhbət olub-bitib, yeni deyil.

Xalq artisti Əli Nur incəsənətin yaşının olmadığını qeyd edib:

“Hazırda mən işimi davam etdirirəm. Klassik aktyoram. Mən səhnəyə çıxan kimi tamaşaçını ayağa qaldırmağı bacarıram. Bu sahənin akademikiyəm. Akademiklər mənim qarşımda heç nə danışa bilmirlər. Bütün ömrümü bu sənətə, səhnəyə həsr etmişəm. İnsan yaşlaşanda müdrikləşir. Enerjisi daha da çox olur. İncəsənətin, ümumiyyətlə sənətin yaşı olmur”.

Ə.Nur bir neçə teatrda bu prosesin həyata keçirilməsindən bəhs edib:

“Aktyorların teatrdan yaş həddinə görə çıxarılmaları var. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından Tariyel Qasımovu, Mənsumə Babayevanı, Sumqayıt Dövlət Dram Teatrından Valeh Kərimovu işdən çıxarıblar. Düzgün etməyiblər. Aktyorun emosiyası, sağlamlığı, fiziki gücü varsa, ona zaval yoxdur. Bizi hər kəs sevir. Bu teatrda seçmə aktyorlar var. Onlara toxunmaq olmaz”.

Nəzrin Vahid

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir