13 dekabrda Rusiya Müdafiə Nazirliyi Qarabağda “sülhməramlıların” yerləşməsini göstərən xəritəni yayıb. Xəritədən görünür ki, son günlər Azərbaycan ordusuna qarşı təxribat törədən erməni terrorçuları Çaylaqqala və Köhnə Tağlar kəndlərindən təmizlənəndən sonra bölgəyə gələn rus hərbçiləri burada mövqe tutaraq nəzarət zonasını genişləndiriblər. Belə çıxır ki, bundan sonra hansısa ərazilərdə baş verə biləcək erməni terrorunun qarşısı alınanda ruslar həmin yerləri nəzarətə almalıdır? Noyabrın 10-dan bəri Qarabağda Rusiya “sülhməramlı”larının himayasində cəzasız qalacaqlarına arxayın olub, rahatlaşan ermənilər həyata keçirmək istədikləri planlarını onlarla koordinasiyalı etməyə çalışırlar. Məhz bu arxayınlığa görə terrorçu Arayik Arutunyan Moskva səfərindən qayıdandan sonra “etimad hökuməti” formalaşdırır, birinci Qarabağ Savaşının əsas hərbi cinayətkarlarından biri olan Balasanyanı hərbi vəzifəyə təyin etməklə “ordunun yenidən qurulmasından” dəm vurur, soyqırım törədikləri Xocalı və Qaradağlıda aparılacaq tikinti işlərindən, məskunlaşdırmadan danışır.
10 noyabr anlaşmasına görə Rusiya ordusunun “sülhməramlı missiya” ilə Qarabağa yerləşməsi Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaratdı. Narahatlığın səbəbi iki yüz ildir cənubi Qafqaza yerləşən Rusiyanın Azərbaycana xoş olmayan münasibəti, son 30 ildə 20 yanvar və Xocalı faciələrində iştirakı, Qarabağda erməni problemini yaradıb, idarə etməyə çalışması olub. Birinci Qarabağ savaşında Rusiya ordusunın Ermənistan tərəfindən hərbi əməliyyatlarda iştirakı və son hərbi əməlliyatlara qədər havayı silah, sursatla təminatı hələ unudulmyıb. Bu bir ayda Qarabağda baş verənlər narahatlığın əbəs olmadığı ortaya çıxardı.
Rusiya “sülhməramlılarının” bölgəyə gəlişindən sonra missiyasından kənar fəaliyyətlərinə diqqət yetirmək lazım. Anlaşmaya görə münaqişə zonasında 1960 hərbçi, 90 ədəd zirehli maşın, 380 ədəd avtomobil və xüsusi texnika ilə təhciz edilmiş Rusiya “sülhməramlısı” olmalıdır. Amma ilk günlərdən verilən açqlamalar, “sülhməramlıların” arsenalına anlaşmada nəzərdə tutulmayan tanklar, PUA-lar, Mİ-8 və Mİ-24 helikopterləri, aviasiya kimi hərbi texnikanın cəlb edilməsi Rusiyanın heç də xoş məramından xəbər vermirdi. Rusiyanın Qarabağda Humanitar Reaksiya Mərkəzi, səhra xəstəxanası yaratması, FHN-nin dəstələrinin infrastrukturun bərpası və təmir işləri adı ilə bölgəyə gətirməsi, xunta rejimin terrorçu başçısı ilə mütəmadi təmaslar, Xocalı hava limanının yenidən işə salınması istiqamətində fəaliyyətlər, erməni qaçqınların anlaşmaya zidd olaraq BMT-nin Qaçqınlarla iş üzrə Ali Komissarlığı və Azərbaycanla əlaqələndirmədən sürətlə geri qaytarılması kimi özbaşına fəaliyyətlər Azərbaycanın suveren hüquqlarına hörmətsizlikdən daha ciddi məna daşıyır. Qeyd edilənlərin sülhməramlı missiyanın “münaqişə tərəflərini ayırmaq, insidentlərin qarşısını almaqla təhlükəsizlik məsələlərini tənzimləmək, qanunsuz hərbi birləşmələrin tərksilah edilməsini həyata keçirmək” kimi fəaliyyətlə heç bir əlaqəsi yoxdur. Bu fəaliyyətlər işğalçı tərəfin davranışı kimi dəyərləndirilməlidir. Bir ay ərzində 39 min erməninin Qarabağa geri gətirildiyini elan edən Rusiyadan, bölgədəki 25 minlik işğalçı Ermənistan ordusunun 39 hərbçisinin çıxarıldığı haqda məlumat eşitmədik. Geri gətirilənlərin kimliyi, onların arasında hərbi cinayətkarların olub olmaması haqqında məlumatlar Azərbaycanla paylaşılırmı? Rusiyadan bir ay ərzində yalnız İrəvan üzərindən 250 təyyarə reysi ilə Qarabağa yüklər gətirilib. Sual olunur bunlar nə yükləridir? Bəlkə Rusiya Suriyadakı “Himeynim” bazasının analoqunu burada qurmaq istəyir? Xocalı hava limanının işə salınması üçün gecə-gündüz fasiləsiz çalışmaların məqsədi nədir? Maraqlıdır Rusiya Qarabağdakı missiyasından kənar fəaliyyətlərlə bağlı Bakı ilə müzakirə aparırmı? Rusiyanın Qarabağdakı bu günkü “sülhməramlı missiyası” ilə 1988-ci ildəki bədnam “Volski komitəsi”nin fəaliyyətlərindəki bənzərlik haqlı narahatlıq yaradır. Xocavəndin Çaylaqqala və Köhnə Tağlar kəndlərindən terrorçuların təmizlənməsi məsələsinin Moskvada Rusiya və Ermənistan MN-lərinin görüşündə müzakirəsi suallar yaradır. Azərbaycan ərazilərinin məsələsi niyə Ermənistanla müzakirə edilməlidir? Rusiya ilə bütün məsələlər müzakirə edilərək onlara aydınlıq gətirilməlidir. Bilinməlidir ki, Rusiya Qarabağda nə etmək istəyir? Problemin həll edilərək bölgədə sülh , əməkdaşlıq mühitinin yaranmasınımı, yoxsa ənənvi siyasətini davam etdirib işğalçıları və separatçıları qorumaqmı istəyir? Bunlar aydınlaşmadıqca, cəmiyyətdə Rusiyadan narazılıq artmaqda davam edəcək. Bunun Rusiyanın zərərinəmi, xeyrinəmi olacağını özü müəyyən etməlidir. Faktiki hazırkı durumda “sülhməramlıların” fəaliyyəti Türkiyə prezidenti Ərdoğanın səsləndirdiyi və Putinin də dəstəklədiyi əməkdaşlıq formatının əleyhinə yönəlib. Azərbaycanda Rusiyaya inamın tam itməməsi üçün 10 noyabr anlaşmasına uyğun olaraq “sülhməramlılar” Azərbaycan qanunvericiliyinə uyğun fəaliyyət göstərməli, hələ də bölgədə qalan işğalçı Ermənistan ordusunun ən qısa zamanda oradan çıxarılmasını, “Artsax” müdafiə ordusu adlanan terror təşkilatının tərksilah olunmasını təmin etməlidir. Qarabağda gərginliyin azaldılması və atəşkəsin davamlı olması üşün Türkiyə hərbçilərinin Atəşkəsə Nəzarət və Müşahidə missiyasına başlamaları qısa müddətdə həllini tapmalı, onlar Müdafiə Naziri Hülusi Akarın da bildirdiyi kimi həm də təmas xətti boyunca patrul xidməti də həyata keçirməlidir.
Uzun müddət Ermənistan ordudunun Baş qərargah rəisi və son zamanlar baş hərbi nəzarətçisi olmuş general Movses Akopyan bu gün mətbuat konfransında “İkinci Qarabağ savaşında “İsgəndər” raketlərindən istifadə etdiklərini” açıqlayıb. Onun fikrini təstiqləyən və Şuşa adı çəkən hərbi ekspert Qriqoryan raketdən müharibənin ən son anlarında istifadə edildiyini deyib. Strateji silah olan bu raketin Qarabağda yerləşdirildiyi haqda əvvəllər də yayılan məlumatlar ermənilər tərəfindən dolayısı yolla təstiqləndi. İsgəndər raketlərini Ermənistana hədiyyə edib, bu gün Qarabağda “sülhməramlı yerləşdirən Rusiya hansı məqsədə qulluq edir?
Oqtay QasımovSiyasi şərhçi