Moskvadan yan keçib, Bakını seçən İsrailin planları – TƏHLİL

Dünya

İsrailin Avrasiya ölkələrindəki səfirlərinin Bakıda xidməti müşavirəsi keçiriləcək. Məlumatlara əsasən, iclas 16-18 yanvar tarixlərində baş tutacaq.

İsrail Moskvadan imtina edərək həmin görüşün yerini Bakıya dəyişdirdi. İsrailin bu addımını isə Azərbaycan mediası gözəgəlimli başlıqlarla təqdim etdi.

Ancaq dərinliklərdən gələn səsləri incələyəndə görünür ki, Təl-Əviv yalnız görüş üçün Moskvanı Bakıya “qurban verib” və bu, yalnız texniki xarakter daşıyır.

İsrailin Avrasiya üzrə siyasətində postsovet xəritəsi xüsusi önəm daşıyır, buna görə də məsələnin Təl-Əvivlə Moskva arasındakı növbəti plan kimi izahatına ehtiyac var.

Danışıqların nüvəsini İsrailin Rusiya ilə əlaqələrini ən dərin özüllərdə inkişaf etdirmək məqsədləri ehtiva edir. İsrail Rusiya ilə münasibətlərin ruhunu Moskvanın rəqiblərinə hiss etdirməmək üçün məkan dəyişikliyi edir, hərçənd ki, bir çox məsələdə iki ölkənin normal hərarətdəki əlaqələrinə şübhə yeri yoxdur.

Ukraynadakı müharibənin davam etməsi fonunda İranın da edam taxtına çıxarılması cəhdləri İsrailin mühərrikini qızdırır. Buna görə də İsrail Cənubi Qafqazdakı reallıqları, Rusiyanın regional taxtda hökmranlığını, Azərbaycanın proseslərdə tutduğu yeri nəzərə alaraq bəzi maraqlarını gizlətmək üçün onun üstünə pərdə örtür.

İsrail səfirlərinin gözlənilən Bakı danışıqları həmin örtüyü qaldıraraq sonrakı proseslərin vektorlarını müəyyən etmək üçün kritik əhəmiyyətə malikdir.

İsrailin xarici siyasət oriyentasiyasında Rusiya ilə anlaşmaq praktikasını göz önündə canlandırsaq, Təl-Əvivin Moskva ilə ələ-ələ verərək Cənubi Qafqazda nəyin ardınca getdiyini izləmək olar.

Tezis kimi bu sinir nöqtələrinə toxunsaq, yuxarıdakı fikirlərimizin mənzərəsi daha da aydınlaşar. Beləliklə, İsrail:

– Mərkəzi Asiya regionu və Azərbaycanla münasibətləri Rusiyanın maraqlarına toxunmamaq, bir az da dəqiqləşdirsək, Qərbin Moskvaya meydan oxumasına şərait yaratmamaq şərtilə dərinləşdirir;

–  Cənubi Qafqazda Rusiya ilə əməkdaşlığı Yaxın Şərq regionundakı proseslərlə uyğunlaşdırır və mövzunu İranın nüvə proqramına zərbə vurmaq üzərində qurur.

İsrail də Qərblə Rusiya arasındakı balanslı siyasətə riayət edən ölkədir, lakin öz maraqları üçün çıxdığı yolda tarazlıq Moskvanın xeyrinə doğru dəyişir.

Moskva ilə Təl-Əvivin əlaqələrinin daha da yaxşılığa doğru format olunması İsrail üçün kritik məqama təsadüf edir.

Çünki İsrail “ərəb açılımı” siyasəti ilə İrana qarşı duruşunu koordinasiya edir və proseslərdə Moskvanın rolundan istifadə etməyə çalışır. Kremllə yəhudi dövləti bir-birinə böyük güzəştlərə gedirlər, Suriyada onlar əks cəbhənin oyunçuları olsalar da, heç zaman üz-üzə gəlmirlər.

İsrail də Rusiyanın Suriya sərgüzəştlərinə qarşılıq olaraq Ukraynadakı müharibə səbəbilə Moskva əleyhinə kampaniyaya qoşulmur.

Beləliklə, Rusiya ilə İsrailin Avrasiya məkanındakı sövdələşmələri üçün əlverişli zaman yetişir və bu müddəti daha çox İran əleyhinə həmlələrin şişirdilərək böyüməsi kimi anlamaq olar.

Bakıda qurulacaq müzakirə masası ətrafındakı siyasi diskussiyalarda Azərbaycanın proseslərdəki rolu üzərində xüsusi vurğu edilməsi gözlənilir. Təkcə ona görə yox ki, Azərbaycan Cənubi Qafqazdakı düzəni əməllicə format edib, həm də bu baxımdan ki, Bakının strateji maraqlarının hüdudları genişlənir.

Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi, İsrailin Ankara ilə buzları əritməsi, Moskva ilə az qüsurlu əlaqələri, “ərəb açılımı” Təl-Əvivin baxışlarını vahid konsepsiya halında birləşdirərək sonrakı həmlələrinə yaşıl işıqlar yandırır.

Çünki hər üç istiqamət İrana qarşı müdafiə xətti üçün əsasdır və bunu stimullaşdıran Tehranın həm Bakıya, həm də Ankaraya qarşı sərgilədiyi mövqedir.

Rusiyaya gəlincə, o, İranla yalnız hərbi-texniki sahədə əməkdaşlıq edir və iki ölkənin bir-birinə maraq oyadan dərin strateji maraqları dərinliyə işləyə bilmir. Bunu iki ölkənin regiondakı tarixi kontekstdəki rəqabətinin sönməməsi də tətikləyir, elə Moskva həmin səbəbdəndir ki, İslam Respublikasının müttəhim kürsüsündə əyləşdirilməsinə rəvac vermiş kimi görünə bilər.

Ancaq Avrasiya coğrafiyası üzrə İsrail digər yaxşı münasibətlərdə olduğu Qazaxıstanı, Özbəkistanı, Türkmənistanı, Qırğızıstanı, Tacikistanı gizli anti-İran koalisiyasına qoşmaqda çətinlik çəkir. İsrailin çətinliyi aradan qaldırmaq üçün Azərbaycan, Türkiyə və Rusiyanın gücündən yararlanmağa cəhdlər göstərməsi təəccüblü gəlməməlidir.

İsrail diplomatlarının “Bakı prosesi” praktiki olaraq hansı nəticələri doğuracaq? Açıq demək lazımdırsa, burada yekdil qərar hasil olacağını söyləmək çətindir, çünki hər ölkənin öz təhlükəsizlik qayğıları var. Ancaq Bakı müzakirələri növbəti həlledici mərhələnin icrası üçün bir çox qıfılları aradan qaldırmaq gücünə malikdir…

Aqşin Kərimov

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir