Axtarışda olan lənkəranlı Rizvan 24 il Bakı kəndlərində necə gizlənib?

Cəmiyyət

Azərbaycanda axtarışda olan şəxsin 24 il Bakıda gizləndiyi məlum olub. 

“Qaynarinfo” xəbər verir ki, 2 aprel 1969-cu il tarixdə Lənkəran şəhərində doğulmuş Rizvan Həsənov adlı şəxs 1997-ci ilin əvvəllərindən başlayaraq müxtəlif vaxtlarda Sahil qəsəbəsində yerləşən Qaradağ Sement Zavodundan oğurluq edib. O, zavodun yükdoldurma sexindən 5 dəfə, hər dəfə qiyməti 80805 manat olan sement oğurlayıb. Rizvan ümumi dəyəri 404025 manat olan 1 ton 250 kiloqram sementi oğurlayaraq istintaqa məlum olmayan şəxslərə satıb. 

Bu barədə məlumat alan polis elə həmin il onu saxlayaraq, izahatını alıb və sərbəst buraxıb. Barəsində höküm çıxarılması üçün iş məhkəməyə göndərilib.  

Rizvan həmin vaxt Qaradağ Sement Zavodunun ərazisindən yığıb satdığı o qədər də təmiz olmayan sementə görə məsuliyyət daşıya biləcəyini düşünməyib. Məhkəmə vaxtı onu real məsuliyət gözlədiyini başa düşüb və məhkəməyə getməyib, yaşadığı Lənkərana da qayıtmayıb.

Təqsirləndirilən şəxs barəsində axtarış elan olduğunu bilib və uzun illər Bakı kəndlərində fəhləlik etməklə kirayələrdə yaşayaraq, gizlənib. Qohum-əqrabası ilə də əlaqə saxlamayıb və bu vaxtadək ailə qurmayıb.

Son illərdə bir neçə dəfə barəsində araşdırmanın nə yerdə qaldığını öyrənmək, həm də sənədlərini bərpa etmək üçün ahıl yaşlı bir qohumu ilə Qaradağ Rayon Məhkəməsinə gedib maraqlanıb, o vaxtkı işinin aqibətini bilmək üçün rəsmi ərizə də təqdim edib. Lakin dəftərxana bu məsələni araşdırsa da, heç nə tapmayıb, barəsində hər hansı cinayət işi olmadığı bildirilib.

Rizvan 9 noyabr 2022-ci il tarixdə Lənkəranadakı evinə gedib və yenidən Bakıya qayıdıb. Lənkəran Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində barəsində 1998-ci il yanvarın 12-dən Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə axtarış elan edilmiş Rizvan Həsənov Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində bir neçə gün əvvəl təqsirləndirilən şəxs barəsində Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsində müəyyən edilmiş əsasla, həmin Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş hal müəyyən edildiyinə görə işə xitam verilib və Rizvan cinayət məsuliyyətindən azad olunub.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir