Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA xəbər verir ki, bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda cinayət işinə sədrlik edən və tərkibə daxil olan digər hakim dəyişdirildiyinə görə məhkəmə istintaqının yeniləndiyi elan olunub.
Prosesdə işə hakim Elmin Rüstəmovun sədrlik edəcəyi elan olunduqdan sonra Alimpaşa Məmmədov təkrar ifadə verib. Sabiq icra başçısı özünü ittihamlarla təqsirli bildiyini, lakin yeyinti kimi göstərilən vəsaitin rayon idarəçiliyi üçün istifadə olunduğunu deyib.
Növbəti proses yanvarın 19-a təyin olunub.
Qeyd edək ki, Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub.
Sabiq icra başçısına qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar, külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub. Cinayət işi ilə bağlı sabiq icra başçısının 10 milyonluq əmlakı üzərinə həbs qoyulub.
www.102info.az