2013-cü ilədək prokurorluq orqanlarında yüksək vəzifələrdə çalışmış, Ağdaş və Binəqədi rayonlarının prokuroru olmuş Mirələkbər Seyidov barəsində hüquq-mühafizə orqanlarına yeni müraciət daxil olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, vəzifədən azad edildikdən sonra dələduzluqda ittiham edilərək məhkum edilən prokurorun daha bir şəxsə böyük məbləğdə pul “atdığı” bildirilir.
Belə ki, Kəlbəcər rayon sakini, 1975-ci il təvəllüdlü Q.Bəxtiyarov bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edərək Mirələkbər Seyidovun onu aldadaraq 27 200 manat pulunu aldığını bildirib. Şikayət ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinə göndərilib və aidiyyəti araşdırmalara başlanılıb.
Qeyd edək ki, M.Seyidov daha əvvəl iki dəfə dələduzluq əməlinə görə məsuliyyətə cəlb edilib. Onun pul aldığı şəxslərdən biri əvvəllər Binəqədi Rayon Məhkəməsinin hakimi olmuş Həsən Əliyevdir. Belə ki, M.Seyidov Binəqədi rayon prokuroru olduğu müddətdə eyni rayonun hakimi Həsən Əliyevə özünü geniş əlaqələrə malik şəxs kimi təqdim edərək onu rayonlardan birinin məhkəməsinə sədr təyin olunacağına kömək edəcəyi barədə yalan vəd verib. O, bunun üçün sabiq hakimdən 200 min dollar pul alıb.
Bundan başqa, Mirələkbər Seyidov tanışı Tahir Hüseynovun 70 min dollar məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirib.
Bu əməllərə görə barəsində cinayət işi açılan M.Seyidova məhkəmənin hökmü ilə şərti cəza verilib.
www.102info.az