“Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında əməkdaşlığın güclənməsi bu ölkələrin qlobal iqtisadi təsir imkanlarının genişlənməsinə, xarici investisiyaların cəlb edilməsinə və Aralıq dənizi ölkələri ilə əməkdaşlığın intensivləşməsinə yardım göstərəcək”.
Bunu “Report”a açıqlamasında amerikalı jurnalist, hüquqşünas, milli təhlükəsizlik üzrə ekspert İrina Zukerman bildirib.
“Bakı BƏƏ-nin maraq dairəsinə daxil olmağa başlayan Türkiyə ilə ticarət əlaqələrinin inkişafında mühüm vasitəçi ola bilər”, – deyə o bildirib.
Ekspertin sözlərinə görə, Azərbaycan və BƏƏ arasında “yaşıl enerji”, iqlim dəyişikliyi, “ağıllı şəhərlər”in qurulması, yüksək texnologiyalar və bərpa olunan enerji mənbələri kimi məsələlərdə əməkdaşlıq üçün zəmin var: “Külək enerjisi bu ölkələrin iqliminə uyğundur. Azərbaycan və BƏƏ-nin aparıcı enerji şirkətləri hazırda ölkələrində bərpa olunan enerji ilə bağlı hədəflərinə nail olmaq üçün təşəbbüslər irəli sürür”.
İ.Zukerman vurğulayıb ki, Azərbaycanın ərəb dünyasında rolu artır və bu, bir neçə amillə əlaqədardır: “Birincisi, Azərbaycanın, xüsusilə 2020-ci ildə ərazilərini işğaldan azad etdikdən sonra dünya miqyasında əhəmiyyəti yüksəlir. İkincisi, Avropadakı enerji böhranı üzündən rəsmi Bakı enerji təchizatçısı kimi rolunu daha da gücləndirib. OPEC üzvü olan neft hasil edən ölkələr arasında da Azərbaycanın önəmi artır”.
www.RIA24.az