Son günlər aktual olan söhbətlərdən biri də işğaldan azad olunmuş torpaqlarımızda mümkün olan ekoloji zəhərlənmələr, radiasiya fonunun yüksəlməsində düşmən tərəfindən təxribatçı süni mənbələrin yaradılmasıdır.
Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev bununla bağlı Bizim.media-ya açıqlama verib.
Baş direktor bildirib ki, Kəlbəcərdə radioaktiv fonun yüksək olması təbii proseslərdən qaynaqlansa da, problemin öyrənilməsi vacibdir:
“Hazırda ərazidə infrastruktur yaradılması nəzərdə tutulur. İçməli su fabriki, yəqin ki, gələcəkdə müalicə əhəmiyyətli obyektlər və s. tikilməlidir. Ona görə də ərazinin radiasiya fonu, xüsusilə də radonun ölçülməsi xüsusi əhəmiyyət kəsb etdi və bizə bununla bağlı göstəriş gəldi.
İnstitutumuz əraziyə iki dəfə ekspedisiya təşkil edib. Aparılan araşdırmalardan məlum oldu ki, İstisu zonasında olan Bağırsaq kəndinin ətrafında çoxlu təbii bulaqlar, artezian quyuları var. Həmin ərazidə suyun həm temperaturu, həm də radon miqdarı ölçülüb.
Məsələ belədir ki, Dəlidağ silsiləsinin bir yamacında çıxan su 55-60 dərəcə temperaturundadır, amma radon tərkibi yolverilən hədd miqdarındadır.
Bu suyu içmək üçün istifadə etmək olar. Amma Dəlidağ silsiləsinin əks tərəfində olan quyularda (hər tərəfdə təqribən 6-7 quyunun suyu ölçülüb) su soyuqluğu 20 dərəcədən də aşağıdır, lakin radon konsentrasiyası normadan 100 dəfələrlə çoxdur.
Həmin suyu o vəziyyətdə içmək olmaz. Suyu müəyyən su qaynaqlarında toplamaq, gözlətmək və müəyyən vaxtdan – radon qazı uçub getdikdən sonra yoxlayıb içmək, satışını həyata keçirmək olar”.
İslam Mustafayevin sözlərinə görə, radon radioaktiv qaz olduğu üçün insan orqanizminə artıq miqdarda düşdüyü zaman çox ciddi fəsadlar əmələ gətirə bilər. Ona görə də qorunmaq vacibdir. Professor ərazinin radiasiya fonunun da yüksək olduğunu vurğulayıb:
“Ölkənin digər ərazilərində, o cümlədən Qarabağın işğaldan azad olunmuş yerlərində təbii radiasiya fonu (8-10-11 və s.) çox aşağıdır. Bakıda da fon norma daxilindədir. Ümumiyyətlə, Azərbaycan ərazisində çox uyğun radiasiya fonu var. İnsanların yaşaması üçün mövcud fon əlverişlidir. Amma müəyyən yerlərdə yüksək miqdar ola bilir”.
Müsahibimiz qeyd edib ki, əraziyə gedən ekspedisiyanın tərkibində Fövqəladə Hallar Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Milli Nüvə Mərkəzinin üzvləri də iştirak ediblər.
Onun sözlərinə görə, aparılan araşdırmalar zamanı bəzi nöqtələrdə süni atılan mənbələr tapılıb. Hansı ki, həmin atıqlar vaxtilə müxtəlif məqsədlər üçün istifadə edilib və bizim tərəfdən texnikanın məhv olunmasından sonra onların içində qalıb:
“Bəzi ərazilərdə süni atıqlar tapılsa da, təbii fon normaldır. Amma Kəlbəcərdə 40-45, bəzi yerlərdə 50 mikrorentgen/saat radiasiya fonu görmək olur. Düşünürük ki, bu süxurlarla bağlıdır. Bundan başqa, ərazidə çox qazıntı işləri aparılıb, quyular qazılıb və yerin tərkibindən süxurlar çıxarılıb və ətraf mühitə atılıb ki, fonun yüksəlməsində bunların da rolunun olduğunu düşünürük.
Hazırda ərazidə ekspedisiya üçün tam şərait yoxdur, bir az təhlükəlidir. Qış dövründə ora getmək çox çətindir. Yaz aylarına doğru əraziyə yeni ekspedisiyalar gedəcək və daha dəqiq nəticələr üçün tədqiqatlar davam etdiriləcək”.
www.102info.az