Cəlilabadda saxlanılan narkokuryerin əlindəki bağlamada külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Mirkənan Mirsüleymanlı rayon ərazisində saxlanılıb.
Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqram 800 qrama yaxın heroin, 3 kiloqrama yaxın marixuana və 20 qram metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.
Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Mahir Bağışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 200 qrama yaxın tiryək və marixuana aşkarlanaraq götürülüb.
Ümumilikdə isə Cəlilabad RPŞ-nin əməkdaşlarının cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 20 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
www.102info.az