Hər il dekabrın 21-dən Yer planeti qış Günəş duruşu nöqtəsindən keçir. Bu o deməkdir ki, dekabrın 21-də gecənin ən uzun, gündüzün isə ən qısa vaxtı olur.
Xalq təqviminə görə, dekabrın 21-dən sonra təxminən 4-5 gün gecə ən uzun, gündüz isə ən qısa vaxta malik olur. Dekabrın 26-27-dən sonra isə gecə tədricən qısalmağa, gündüz isə uzanmağa başlayır. Bu proses martın 21-dək davam edir. Və martın 21-də yaz gecə-gündüz bərabərliyi baş verir.
Xalq təqviminə görə, qış fəsli 3 hissəyə bölünür: Böyük çillə, Kiçik çillə, Boz ay.Böyük çillə 40 gün, Kiçik çillə 20 gün çəkir. Onlardan sonra Novruzadək qalan 30 gün Boz ay adlanır. Bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək Böyük çillə, yanvarın 31-dən fevralın 19-dək Kiçik çillə, fevralın 20-dən martın 20-dək Boz ay davam edir.
Qeyd edək ki, Böyük çillə gecəsi təkcə Azərbaycanda deyil, qonşu dövlətlərdə, İran və Türkiyədə də keçirilir. O cümlədən Azərbaycanın Naxçıvan, Şəki, Gəncə və çoxsaylı kəndlərində, İranın Urmiya, Ərdəbil, Zəncan, Xoy, Sulduz, Marağa şəhərlərində bu gecə xüsusi olaraq keçirilir. İnanca görə, çillə gecəsi qədim Zərdüşt bayramı, Günəş Allahı Mitranın anadan olan günüdür. Həmin gündən sonra günəşli günlər uzanır. Bayramın ideyası işığın qaranlıq üzərində simvolik qələbəsidir. Qədim inanclara görə, həmin gecə xeyir qüvvəsi (Axura Məzda), şər qüvvəsi (Əhrimən) ilə kəskin mübarizə aparıb.
Adətə görə Böyük çillədə ailə üzvləri, qohum, dost, tanış səmimiyyətlə bir yerə yığışır və ilin ən uzun gecəsini çoxlu meyvə və şirniyyat yeməklə qeyd edirlər. Gecənin ən əhəmiyyətli atributlarından biri isə qarpızdır. Belə ki, hər ailə həmin gecə mütləq bir qarpız almalıdır. Əgər yeni evlənənlər varsa, onlara da valideynləri tərəfindən qarpız hədiyyə edilir. Qoz, kök halvası, paxlava, günəbaxan toxumu, meyvə və şirniyyatlar bu gecə süfrədə olmalıdır.
Araşdırmalardan isə məlum olur ki, ümumiyyətlə, lap qədim zamanlarda türklər 21 dekabrı Yeni il kimi qeyd ediblər. Bununla bağlı türk mənbələrində Kara-Tun bayramı da var. Hətta bu gün də bir çox türkdilli xalqların 21 dekabrda həmin bayramı qeyd etdiyi bildirilir.
Bəs 21 dekabr, ilin ən uzun gecəsində hansısa astroloji dəyişikliklər baş verirmi?
Astroloqlar qeyd edir ki, ümumiyyətlə, gecənin və ya gündüzün uzun keçməsinin astroloji məsələlərə aidiyyəti yoxdur. Sadəcə həmin gecə əvvəlki gündən, 3-4 dəqiqə daha çox uzun olur. Bunun da insan orqanizminə elə də müsbət və ya mənfi təsiri yoxdur. Amma məsələn, Günəş tutulması, planetlərin paradı, hansısa planetin yerə yaxınlaşması, Günəş partlamaları olması təbiətə və insan orqanizminə birbaşa təsir edə bilir.