Aİ missiyası: Regionda gərginlik üçün daha bir səbəb – ŞƏRH

Siyasət

Avropa İttifaqı ümumi təhlükəsizlik və müdafiə siyasəti çərçivəsində Ermənistanda Aİ-nin mülki missiyasının (EUMA) yaradılmasına razılıq verib.

Aİ düşünür ki, bu, Azərbaycanla Ermənistan arasındakı normallaşma prosesinə töhfə vermək üçün əlverişli mühiti təmin edəcək.

2022-ci ildə Aİ iki ay müddətinə Ermənistana missiya göndərmişdi. Bu dəfə isə Aİ yeni missiyaya ikiillik mandat verəcəyini deyir.

Aİ-nin missiya müddətinin iki aydan iki ilə qədər qalxması onun daha nəhəng çətir altında regionda möhkəmlənməsi cəhdidir. Burada iki amil üzə çıxır.

Birincisi, Fransadır. Problem də buradadır, çünki Azərbaycan Aİ-nin Fransanın maraqları ilə hərəkət etməsinə qarşıdır. İkincisi isə Aİ-nin Böyük Britaniya və ABŞ maraqlarının təmsilçisi kimi regiona daxil olmasıdır.

Ona görə də missiyanın “müvəqqətilik”dən çıxaraq daimi qalmaq ehtimalı regionda vəziyyətin gərginləşməsinə xidmət edir.

Paris, onsuz da, hər vəchlə Azərbaycan-Ermənistan sülh gündəliyini dağıtmağa çalışır. Fransa bu məsələdə özünü tək saxlamaq istəmir. Paris regionda hakimlik etmək istəyən Rusiyanın əli ilə pərdəarxası sövdələşmələrə gedib regionda bərkiməkdə maraqlıdır.

Rusiya, bəlkə də, Parisə bir hədd tanıyır, məqsəd Moskvanın ABŞ və Böyük Britaniyanı regiondan çıxarmaq istəklərində NATO üzvündən dəstək almaqdır.

Ümumilikdə isə Rusiya da Aİ-nin missiyasının Ermənistana gəlməsindən qıcıqlanır. Səbəb sadədir: Ermənistan Rusiyanın sözünə qulaq asmadan Aİ-ni seçir.

Rusiyanın “sancı”ları ABŞ və Böyük Britaniya ilə əlaqəlidir. Ukraynadakı müharibə səbəbilə ABŞ və Böyük Britaniya Avropa İttifaqına təsir imkanlarını genişləndirirlər.

Rusiya ondan narahatdır ki, Aİ missiyası məhz Londonla Vaşinqton arasındakı müttəfiqlik əlaqələrinin məhsulu kimi regionda yetişir. Təzad burasındadır ki, ABŞ ilə Britaniyanın Aİ-yə baxış tərzi Fransanın məntiqi ilə uyuşmur.

Azərbaycan ən çox vurğunu Fransaya edir – mənfi mənada. Çünki Paris Cənubi Qafqaza soxulmaqla özünün neomüstəmləkəçilik niyyətini, onsuz da, başıbəlalı olan bu regionda davam etdirmək istəyir.

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir