Bakıdakı İCLAS: Üç nəhəngə güc verən ENERJİ – TƏHLİL

Siyasət

Fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı oldu.

Prezident İlham Əliyevin tədbirdəki çıxışını təkcə Azərbaycanın enerji sektorunda genişlənən təsirləri kontekstində deyil, həm də geosiyasi təsvirlər parametrləri ilə şərh etmək olar. Təsvir çoxşaxəlidir və müxtəlif regionları, eləcə də ABŞ, Rusiya və Çin mərkəzli fərqli nüfuz dairələrini əhatə edir.

Öncəliklə qeyd etmək lazımdır ki, Azərbaycanın xarici siyasət cəbhəsindəki enerji silahı ölkənin maraqlarının təminində və regional sabitliyin bərqərar olmasında indikatordur.

Rusiya-Ukrayna müharibəsinin qlobal mənzərəyə gətirdiyi iqtisadi fəlakətləri aradan qaldırmaqdan ötrü həllər axtarışında Azərbaycanın üzərinə fokuslar cəmlənir.

Azərbaycanın yerləşdiyi coğrafi məkan, Avropa ilə Asiya arasındakı körpü rolu, Cənubi Qafqazdakı reallıqların rəngi Bakını cazibə mərkəzi edir.

Azərbaycan həm Qərb, həm Rusiya, həm Çin ilə şaxələnən siyasət quraraq mövqelərini daha da irəliyə çıxarır.

Ona görə də Bakıda keçirilən beynəlxalq iclas bir-birinə rəqib tərəflərin maraqları ilə reallıqlar arasındakı əlaqənin yaradılmasına töhfə verəcək.

Lakin NATO, Moskva və Pekinin dayandıqları zirvələri Cənubi Qafqaz oxuna yaxınlaşdırmaq o qədər də asan deyil.

Bu, Azərbaycanın enerji xəritələrindəki mövqeyinin açılması gözlənilən Zəngəzur dəhlizi kontekstindəki strateji dəyərini çoxaltması ilə əlaqəlidir.

Hansı güc bu dəyərə töhfə vermək istəyir, hansı isə bu dəyəri gözdən salmaq istəyir?

I

Qərbin strateji maraqlarında Azərbaycanla tərəfdaşlıq üstünlük təşkil edir, lakin Qərbin bəzi institutları Bakının imicinə qısqanclıqla yanaşırlar. Bu mənada ABŞ ilə Avropa İttifaqı həm Bakıya qarşı oynayır, həm də onun maraqlarını ön planda saxlayırlar.

Ancaq Qərbdə Azərbaycan əleyhinə aparılan genişmiqyaslı kampaniyalar münasibətlərin strateji dərinliklərini sarsıtmaq gücündə deyil. Ona görə ki, Qərb Avropadakı enerji böhranının təhlükəsizlik arxitekturasına vura biləcəyi zərbələri önləmək üçün Bakının həmlələrinə ehtiyac hiss edir.

Deməli, Azərbaycanla Qərbi birləşdirən dəyər enerji siyasəti-təhlükəsizlik sferası kontekstidir, üzdə olan didişmələrə baxmayaraq, Bakı özü də Avroatlantik məkanın təhlükəsizliyi və bölünməzliyi üçün bacardığını edir. Bu cür iclaslar və Bakının tutduğu mövqe Qərbdə Azərbaycana qarşı təbliğatın kəsərsiz edilməsinə həlledici təsir göstərir.

II

Avropadakı enerji şoku Rusiyanı coşdurur və Moskva qoca qitəni öz tərəfində tutmaq üçün qaz şantajından istifadə edir.

Bu mənada Azərbaycanın Avropa bazarlarındakı üstün mövqelərə çıxması ehtimalları Rusiyanın kartlarının əlindən alına biləcəyi anlamını verir – ən azından, Kremldə belə düşünənlər tapılar.

Ona görə də Rusiya Bakının Avropa İttifaqı ilə əməkdaşlıq formatını hansısa şəkildə sabotaj etməyə girişməkdə maraq göstərə bilər.

Lakin Zəngəzur dəhlizindəki strateji sərvət Rusiya ilə Azərbaycan arasındakı əməkdaşlıqda yeni səhifə açır. Bu mənada Zəngəzur dəhlizinin yaşıl enerjini ötürmək qabiliyyəti, qaz ixracındakı coğrafi potensialı Rusiyaya da sərf edir, lakin bu şərtlə: Koridorun strateji açarı Moskvanın əlində olsun.

Deməli, Rusiya da Qərb kimi Azərbaycana qarşı birmənalı münasibətdə deyil.

III

Çin amili isə tamamilə fərqli xüsusiyyətə malikdir. Çin Rusiya və Qərbdən fərqli olaraq heç zaman Azərbaycana qarşı kampaniyaların təşkilatçısı olmayıb və regional, qlobal layihələrdə payını artırmaqla Bakı ilə isti münasibətlər qurub.

Çin Zəngəzur dəhlizini iqtisadi ekspansiyasının mərkəzinə doğru dartmaq istəyir, amma Pekindəki bu sevda Bakı ilə münasibətlərdə mənfi təsir edən tendensiya xarakterinə malik deyil.

Azərbaycanın indiki addımları yaxın gələcək üçün həm Rusiya, həm Qərblə münasibətlərdə yeni səhifə açmağa hesablansa da, uzaq perspektiv üçün Çinin qlobal gücünün orbitində dəyər qazanacaq.

Ümumilikdə isə Azərbaycan enerji siyasətini Zəngəzur dəhlizi layihəsi üzərində qurmaqla böyük dəstək qazanır – bəziləri ilə fikir ayrılıqlarının olmasına baxmayaraq…

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir