“Tünzalə xanımın ölümünə çox pis oldum. O qədər üzüldüm, ağladım ki. Demək olar ki, övladı Fatimə ilə eyni yaşda, eyni xəstəlikdən analarımızı itirmişik. Allah əzizlərinə, yaxınlarına, ailəsinə səbir versin. Qızı anasız da olsa, xoşbəxt olsun. Tünzalə xanım anamla el şənliklərində bərabər olublar, birgə deyib-gülüblər, münasibətləri yaxşı olub. Allah həm ona, həm də anama rəhmət etsin”.
Bunu Moderator.az-a açıqlamasında mərhum aktrisa, Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər Qafarova deyib.
“Anamla eyni taleyi yaşadılar. Mən də onun qızı ilə eyni taleyi yaşadım. Ailələrimiz də eyni acını çəkir. Hər zaman onun çəkildiyi serialları izləyəndə üzümüzdə təbəssüm yaranır. Çünki o dərindən güldürməyi bacarırdı. Güldürdüyü kimi də bizi bəzən göz yaşlarımıza qərq edirdi. Elə ölümü ilə də belə etdi. Tünzalə xanımı çox sevirdik, işinə də hörmət edirdik. Hələ də onun ölümünə inanmıram. Nə anam, nə də Tünzalə xanım ölməyib. Xalqımızın yaddaşında, qəlbində, ürəyində daim yaşayacaqlar”, – deyə aktrisanın qızı deyib.
Gövhər deyir ki, efirlərdə anasının çəkildiyi filmləri və tamaşaları tez-tez görmək istəyir.
“Dərslərimlə bağlı teatrda tamaşalara gedib baxa bilmirəm. O teatra gedəndə anamın iyini alıram. Öz-özümə fikirləşirəm ki, anam da nə vaxtsa buradan keçib, burada oturub, bu yerdən keçib səhnəyə çıxıb. Anam indiki Akademik Musiqili Teatrda çox obrazlar yaradıb. Sırf onun üçün tamaşalar hazırlanıb. İndi anam yoxdur, yəqin ki, onun rollarını həmkarları ifa edir. Həmin aktrisalara uğurlar arzu edirəm. 9 ilə yaxındır ki, anam dünyasını dəyişib, mənim yanımda deyil. Çox istərdim ki, efirlərdə onun çəkildiyi filmlər və tamaşalar tez-tez göstərilsin. Mən yalnız belə olan halda təsəlli tapa bilərəm”, – deyə aktrisanın qızı bildirib.
Gövhər deyir ki, anasının şəxsi əşyalarının bəzilərini saxlayıb.
“Anamın səhnə geyimləri teatrın geyim sexində qorunub saxlanılır. Ondan mənə yalnız sənəti ilə bağlı kasetləri və qızıl-zinət əşyaları qalıb. Bilirsiniz ki, iş adamlarından biri bizə 2 otaqlı ev hədiyyə edib. Bəzən o evdə yaşayırıq, bəzən isə “Kubinka”da anamın son günlərini keçirdiyi evdə qalırıq. Nənəm xəstədir deyə daha çox “Kubinka”da qalırıq. Xalamgili də bizim qonşuluğumuzda qalır. Amma deyirlər ki, həmin ərazi söküləcək. Hələ ki, belə deyilir, baxıb gediblər”, – deyə aktrisanın qızı deyib.
www.RIA24.az