“Azərbaycan-Ermənistan dövlət sərhədinin demarkasiyasından Ermənistan ictimaiyyətinin bir hissəsinin narazılığı başadüşüləndir. Azərbaycanda yaşayan insanlar üçün isə bu cür mövqe qəribə görünür.
Ancaq nəzərə alınmalıdır ki, Ermənistan sakinləri 30 ilə yaxındır ki, bu ərazini (Azərbaycan ərazisi – red.) özlərinin hesab etməyə vərdiş ediblər. Artıq bu cür düşünən bütöv bir nəsil yetişib. Bu, onlar üçün milli travma və faciədir”.
Bu barədə Media.Az-a müsahibəsi zamanı rusiyalı politoloq, Seçki Təcrübələri Mərkəzinin rəhbəri Sergey Polyakov bildirib.
Xatırladaq ki, erməni müxalifəti Ermənistanı Ermənistan SSR-in inzibati sərhədləri daxilində təsbit etmək üçün fəaliyyətləri xəyanət hesab edir. Məsələn, Ermənistanın “Modus Vivendi” mərkəzinin rəhbəri Ara Papyanın bildirdiyi kimi: “SSRİ-nin vaxtaşırı dəyişən inzibati ərazi vahidləri arasındakı sərhədlərin dövlət sərhədləri hesab edilməsinə kim qərar verib?”
Bu arada, artıq Azərbaycan sərhədçiləri bəzən ermənilərin yaşadığı kəndlərdən, məsələn, Şurnux, Vorotan və s. keçən Ermənistanla sərhəd boyunca mövqe tuturlar.
– Ermənistan SSR və Azərbaycan SSR-nin sərhədlərini necə tanımamaq olar? O zaman hansı sərhədləri istinad kimi götürmək lazımdır? Ötən əsrin əvvəlindəki? Yoxsa daha əvvəl?
– Əslində, postsovet məkanında bu cür hadisələr çoxdur. Ancaq Ermənistan-Azərbaycan münaqişəsi Sovet İttifaqının dağılmasından əvvəl başlamışdı və artıq o zaman qan tökülmüşdü.
Mövcud vəziyyətin kəskinliyi isə artıq yuxarıda dediklərimlə əlaqəlidir. 30 ilə yaxın vaxt ərzində Ermənistanda bu əraziləri özlərinin hesab ediblər.
İndi vəziyyət dəyişib. Azərbaycan iqtisadi və hərbi cəhətdən güclənib, torpaqlarını geri qaytara bilib və bu, bugünkü tarixi həqiqətdir. Ermənilər üçün bu məğlubiyyəti və hazırkı status-kvonu psixoloji olaraq qəbul etmək çətindir. Buna görə indi müxtəlif tozlu sandıqlardan bəzi faktları çıxaracaqlar. Ancaq sərhədlər istənilən halda müəyyən ediləcək.
– Yenə də sərhədlər SSRİ-nin inzibati sərhədləri əsasında çəkmək olmazsa, onda hansı əsasla çəkilməlidir? Yeri gəlmişkən, Ermənistanın Baş naziri Nikol Paşinyan bu yaxınlarda “Ermənistan Respublikasının inzibati ərazi bölgüsü haqqında” 2010-cu il qanununa əlavələrə əsasən, Şurnux və Vorotanın şərqindəki sərhədlərin Ermənistan və Azərbaycanın dövlət sərhədləri olduğunu bildirib.
Həmin vaxt bu ərazilər işğalçı qüvvələrin nəzarəti altında idi, indi isə azad edilib, deməli, sərhəd çəkilməlidir, ancaq erməni müxalifəti buna qarşıdır.
– SSRİ dağılanda, Zaqafqaziyada keçmiş inzibati sərhədlər dövlət sərhədlərinə çevrildi. Ancaq hərbi münaqişələr başladı və bu da onların dövlət sərhədinə çevrilməsinə mane oldu. İndi isə ermənilər müqavilə imzalamaq və bu sərhədləri tanımaq istəmirlər, çünki bunu etməklə həm də sözügedən ərazilərin onlar üçün əbədi itirildiyini də qəbul edirlər.
– Ancaq sülhün qurulması üçün sərhədlər lazımdır.
– Sözsüz. Bu məsələ, dediyim kimi, daha çox psixoloji xarakter daşıyır. Bəlkə də, bir müddət sonra Ermənistanda məğlubiyyət ağrısı səngiyəcək. Mən tənzimlənmə və erməni tərəfinin məğlubiyyəti qəbul etmə, “yeni” dövlət sərhədlərinin yaradılması məsələlərini ayırardım. Sözsüz ki, dövlət sərhədi çəkiləcək, müqavilələr imzalanıb.