Kubra Məhərrəmova yazır…
Bir avtomobil təsəvvür edin. Dünyanın ən sürətli idman maşınından daha sürətli, dünyanın ən bahalı avtomobillərindən daha bahalı, ən son mühərrikli olan top avtomobillərdən daha prestijli. Sürətlə Bakı küçələrindən şütüyərək özünü Tbilisi prospektindəki idman sarayına çatdırmağa çalışır.
Məqsədi isə odur ki, Türkiyədə baş verən zəlzələ, faciə nəticəsində qışın soyuğunda evsiz-eşiksiz qalan qardaşlarına yardım etsin. Avtomobilin yük hissəsi ağzına kimi doludur. O qədər dolu ki, heç ağzı bağlanmır. Avtomobilin damında isə 5-6 ədəd gül kimi təmiz, gözəl yorğan-döşək var. Və bütün bu gözəlliyi taclandıran al sancaq var.
Bakı küçələrində dalğalanan al sancaq!
Bir də bu avtomobilin sürücüsünə baxın. Adi, ən sadə Azərbaycan vətəndaşı. Dünya boyda ürəyi, sevgisi, mərhəməti olan sıravi bir oğul. Evində nəyi var, nəyi yox bilmirəm, amma ürəyində böyük işıq olan adam. Tələsik özünü məkana çatdırmaq istəyən adam. Türkiyəyə yüklərlə dolacaq böyük yük maşını Bakıdan çıxmadan özünü çatdırmaq əzmində olan biri.
Sadə bir vətəndaş. Avtomobili isə köhnə 2107, qiyməti də yəqin 2 000 AZN civarında olar. Bu an üçün onun cibində nə qədər pul var görəsən?
Günorta yeməyinə nə yeyib görəsən? Özünə sonuncu dəfə yeni bir əşya nə vaxt alıb görəsən?
Bu gül kimi tər-təmiz yorğan-döşək cehizlikdirmi, qonaq üçündürmü? Kimindir görəsən?
Amma nə gözəl ki, bir-iki günə bu yorğan-döşəkdə Hatayda, Qazıentepde, Kahramanmaraşdan olan qardaşlarımız, balalarımız, bacılarımız yatacaq. Daşlar altından sağ çıxan körpələrimiz yatacaq. Allah daha bizə belə dərd verməsin. Yastığınız yüngül olsun qardaşlar. Vallah ürəyimizi çıxara bilsəydik, onu da edərdik. Onu da göndərərdik.
İki gündür Bakı yatmır yardım yığır. Bacardığını, daşıya, gətirə bildiyini qardaşına göndərir. Qazimizin balaca qızı paltarını, oyuncaqlarını göndərir, nənə evindəki bir kiloqram olan qəndini göndərir, qız-gəlinlər qırmızı lentini açmadığı cehizlik yorğan-döşəyini göndərir.
Uşaqlı-qadınlı, kişili, qocalı-cavanlı ağlayaraq, dua edərək, ümid edərək, sevgisini, sayğısını göndərir. Əziz qardaş-bacılar. Əlimizdə nəyimiz varsa, sizindir. Nəsə yolunda olmasa lütfən bağışlayın. Biz də tədirginik, dərdliyik, kədərliyik. Biz də körpə balaların dağıntılar altında qalmasından belimiz əyilib.
Qızının əlini buraxmayan atanın dərdini bölüşürük. “Qolumumu kəsəcəklər?” deyən balaca övladımızın qorxusunu bölüşürük. Vallah ki, biz də bitdik, biz də büküldük.
Amma yetər ki, sən dirən Türkiyə! Sən ayaqda qal Türkiyə! Göz yaşlarını silib yenidən külündən doğ! Nə də olsa qiyamətə qədər bir yerdəyik. Bu xalq səni nə yaman sevirmiş Türkiyə!
www.102info.az