Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun Ağdam şəhərində iclası keçirilib.
Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzi Katibliyinin rəhbərinin müavini Sultan Hacıyev, İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri və Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmiləri iştirak ediblər.
İşçi Qrupun iclasında, dövlət və özəl strukturlar tərəfindən daxil olmuş müraciətlərə və hökumətin müəyyən etdiyi prioritetlərə uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə müvafiq layihələrin icrası məqsədilə nəzərdə tutulmuş ərazilərin mina və partlayıcı qurğulardan təmizlənməsi fəaliyyəti barədə müzakirələr aparılıb.
İclasda açılış nitqi ilə çıxış edən Vüqar Süleymanov İkinci Qarabağ müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunan dövlət və özəl qurumları tərəfindən 68 min hektar ərazinin mina və partlamamış hərbi sursatlardan təmizləndiyini, 82 mindən artıq partlayıcı qurğunun aşkar edilərək zərərsizləşdirildiyini bildirib. Eyni zamanda, Böyük Qayıdış proqramı çərçivəsində Ağdam üzrə strateji əhəmiyyətə malik layihələrin minalardan təmizlənməsi və əlaqəli şəkildə icra edilən bərpa-quruculuq istiqamətində görülən əhəmiyyətli işlər barədə məlumat verib.
İclasda çıxış edən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev ölkə Prezidentinin azad edilmiş ərazilərin yenidənqurulması və dayanıqlı məskunlaşmanın təmin edilməsi istiqamətindəki tapşırıqlarına uyğun olaraq Qarabağda aparılan minatəmizləmə fəaliyyəti və sosial-iqtisadi layihələrdən danışıb.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi Sultan Hacıyev Əlaqələndirmə Qərargahının ötən dövr ərzindəki fəaliyyətindən, işğaldan azad edilmiş ərazilərdə aparılan minatəmizləmə əməliyyatlarından sonra həyata keçirilən bərpa, quruculuq işlərindən, habelə 2023-cü ildə qarşıda duran vəzifə və öhdəliklərdən söz açıb.
Sonra işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən müxtəlif özəl və dövlət qurumunun əməkdaşları üçün keçirilən təlimlərin əhəmiyyəti, minatəmizləmə sahəsində mövcud resursların birgə faydalı istismarına dair müzakirələr aparılıb.
Ağdam rayonunda keçirilən tədbir çərçivəsində minatəmizləmə fəaliyyətinə cəlb olunan qurumların 2023-cü il üzrə hökumət tərəfindən müəyyən edilmiş ərazilərdə icra etdiyi təmizləmə sahələrinə səfərlər edilib, layihələrin icrasına baxış keçirilib.
17:24
“2020-ci ilin noyabrından indiyədək 282 şəxs mina qurbanı olub, onlardan 46 nəfəri həyatını itirib, 236 nəfəri isə yaralanıb”.
“Report”un Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, 2020-ci il noyabrın 10-dan indiyədək 68 300 hektar ərazi minadan təmizlənib. 82 522 mina aşkar edilərək zərərsizləşdirilib.
Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev isə bildirib ki, rayonlar üzrə Ağdam rayonunun 26,2%-i, Füzuli rayonunun 22,7%-i, Xocavənd rayonunun 3,5%-i, Xocalı rayonunun 15,2 %-i, Tərtər rayonunun isə 15,1%-i artıq minalardan təmizlənib:
“Ötən il ərzində Prezident İlham Əliyevin Ağdama səfəri çərçivəsində 11 obyektin təməlini qoyub, bununla da həmin obyektlərin layihələndirmə işlərinə start verilib və əksəriyyəti artıq yekunlaşmaq üzrədir. Hazırda Ağdam rayonu üzrə minadan təmizlənməli olan prioritet ərazilər – Kəngərli, Sarıcalı, Xıdırlı kəndləri (bufer zonalar ilə birlikdə), Hindarx-Ağdam avtomobil yolu, Xaçınçay su anbarından gələn kanal və digər şəhərdaxili layihələrdir”.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev isə deyib ki, Azərbaycana minaaxtarma işlərində Böyük Britaniya, ABŞ və Macarıstan ən çox dəstək verən ölkələrdir:
“Yardım göstərən ölkələr çoxdur, lakin bu yardımlar hələlik Azərbaycana minaaxtarma işlərində yetərli deyil”.
www.RIA24.az