Rusiyanın Ukraynaya hərbi müdaxiləsi digər regionları da qanlı bir dalana çevirmək üçün şərtlər formalaşdırır.
Bu şərtlərdən bərk-bərk yapışan İran Ukraynadakı müharibənin nəticələrindən karlı çıxmaq üçün nüvə silahı əldə etməyə daha da yaxınlaşır.
İran uranı 84 faizə qədər zənginləşdirib, hərçənd ki, Tehran bu iddiaları rədd edir. Ancaq İranın yalan danışmaq və həqiqətləri təhrif etmək potensiallarını nəzərə alsaq, deyə bilərik ki, Tehran nüvə silahına yiyələnməyin bir addımlığındadır.
İran nüvə silahı arsenalı yaratmaqda Çin və Rusiyanın yardımından istifadəyə can atır, lakin onun rəqibləri Moskva və Pekinin oyundakı öhdəliklərini balanslaşdırırlar.
Onsuz, əvvəldən də Çin və Rusiya İranın nüvə proqramını ikiəlli dəstəkləməyib və bu istiqamətdə beynəlxalq birliyin səsinə səs veriblər.
Ancaq İran regionda və qlobal səhnədə təsirlərini genişlətməkdən ötrü Moskva və Pekinin də maraqlarını arxa plana atmağa hazırdır, təki özü fəaliyyət sferasını nəhəng ambisiyalara söykəyə bilsin.
Tehran düşünür ki, fürsət yaranıb, o, Qərbin Ukraynaya aludəçiliyi fonunda maksimalist niyyətlərinə çata bilər.
İran belə niyyətini Ukraynadakı müharibədə Rusiyaya silahlar verməklə aydın göstərir, hərçənd ki, bu ölkələr arasında hərbi-texniki əməkdaşlıq da mövcuddur.
Ancaq Ukraynadakı müharibədə Rusiyaya yardım etmək təcavüzü dəstəkləmək və Moskvanın formalaşdırmaq istədiyi yeni nizama töhfə vermək kimi xarakterizə olunur.
Tehran Rusiyanın yaratmaq istədiyi mümkün mənzərədə həlledici relyefdə qərarlaşmaq istəyir, yəni onun Moskvaya hərbi dəstəyini hərbi alış-veriş kimi deyil, strateji məqsədlər kimi anlamaq çətin deyil.
Lakin İran nə Rusiyadan, nə də Çindən yüksək profilli dəstək ala biləcək, çünki iki nəhəng Tehranın şişib böyüməsində maraqlı deyil.
Təsəvvürümüzdə canlandıracağımız başqa bir amil İsrailin həm Rusiya, həm də Çinlə əməkdaşlıq sferasıdır, yəni Moskva ilə Pekin Təl-Əvivin həlledici rolunu Tehranın ayağına verməz.
Buna baxmayaraq, İranın nüvə dövlətinə çevrilməsi təhlükəsi azalmır, bu məqamda İsrail Tehrana qarşı hərbi müdaxilə ssenarilərini hazırlayır.
İsrail ABŞ-ni də zərbə ssenarilərinə hazırlamalıdır, hərçənd ki, Vaşinqton Tehranın nüvə bombalarına sahiblənməsinə həmişəkindən daha yaxın olduğunu başa düşsə də, Təl-Əvivlə fikir ayrılıqları da yaşayır.
İsrail düşünə bilər ki, Tehranın nüvə silahı əldə etmək həddinə çatması Qərbin rıçaqsız diplomatiyasının nəticəsidir.
İranı bombalamaqla bağlı ortaq dəyərlər çoxdur, ancaq hesab etmək olar ki, Vaşinqton Təl-Əviv qədər səbirsiz davranmağa üstünlük vermir.
Səbəb aydındır – ABŞ hələ İran cəbhəsini aktivləşdirib əlavə problemlərə boyun olmaq istəmir.
PROQNOZLAR:
İsrail İrana qarşı beynəlxalq səylərin praktiki əhəmiyyətini gücləndirmək üçün Tehranın məxfi planlarına çıxış əldə edəcək.
Əldə olunacaq dəlillərlə beynəlxalq ictimaiyyəti daha böyük təhdidlərin gələ biləcəyinə inandıracaq.
İsrail Rusiya-Çin-İran orbitinin oxunu zədələmək planlarını Qərbin həmin üçlüyə qarşı maraqları fonunda inkişaf etdirəcək.
İsrail İranın bombalanmasına zəmin yaradacaq faktları Tehranın digər rəqiblərinə ötürəcək və İslam Respublikasının legitim hərbi hədəf olması üçün çoxvektorlu dəstək qazanmağa cəhd edəcək.
Aqşin Kərimov
www.RIA24.az