“Yol hərəkəti haqqında” qanunun tələblərinə əsasən, göy və ya qırmızı rəngli sayrışan işıq siqnalı yalnız operativ nəqliyyat vasitələrində olmalıdır və onların sürücüləri də xüsusi tapşırıqları yerinə yetirərkən xüsusi işıq və səs siqnallarını qoşmalıdırlar. Bu zaman isə digər hərəkət iştirakçıları onlara hərəkət üstünlüyü tanımalıdırlar”.
Bu barədə Oxu.Az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli sosial şəbəkədə təcili tibbi yardım avtomobilinə yol verməyən nəqliyyat vasitəsi ilə bağlı yayılan videogörüntü barədə danışarkən deyib.
O bildirib ki, bu cür qayda pozuntularını xüsusi texniki vasitələrlə də qeydə alıb, qaydanı pozan sürücüləri inzibati məsuliyyətə cəlb etmək mümkündür.
“Bütün sürücülər bilməlidirlər ki, operativ nəqliyyat vasitələrinə yol verməyən sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 331-ci maddəsinə müvafiq olaraq məsuliyyətə cəlb edilirlər, bu qayda pozuntusuna görə 100 manat cərimə tətbiq olunur. Bundan əlavə, həmin qayda pozuntusu üç cərimə balı ilə qiymətləndirilir.
Belə ki, “Yol hərəkəti haqqında” qanuna görə, operativ nəqliyyat vasitələri – yanğından mühafizə, polis, təcili tibbi yardım, qəza-xilasetmə, pul mədaxilinin inkassasiyası və qiymətli yüklərin daşınması, ali vəzifəli şəxslərin mühafizəsi vəzifələrinin icrası üçün nəzərdə tutulan, üstündə xüsusi qrafikalı rəngli sxemlər, yazılar və tanınma nişanları olan, xüsusi işıq və səs siqnalları ilə təchiz edilmiş avtomobillərdir.
Qanunun tələbinə uyğun olaraq operativ nəqliyyat vasitələrinin üstünlükləri “Yol Hərəkəti Haqqında Qanunun” 48-ci maddəsində öz əksini tapıb. Operativ nəqliyyat vasitəsinə yol açmaq üçün bütün imkanları dəyərləndirmək lazımdır. Əgər yolda hətta 6 km/saat sürətlə hərəkət varsa, orada yolun sağına çıxmaq imkanı var. Hərəkətin tamamilə dayandığı tıxaclarda mövcud vəziyyət başadüşüləndir. Sadalanan hallarda operativ nəqliyyat vasitələrinə yol verməyən nəqliyyat vasitələri qanunun tələbləri çərçivəsində məsuliyyətə cəlb ediləcəklər”.
Sözügedən videogörüntülərdə təcili tibbi yardım avtomobilinə yol verməyən “Toyota Prado” markalı nəqliyyat vasitəsinin sürücüsü qanunamüvafiq qaydada məsuliyyətə cəlb edilərək, barəsində cərimə protokolu tərtib edilib.
A.Əsgərli həm də son günlər tez-tez gözə çarpan və nəqliyyat vasitəsinin ön hissəsinə quraşdırılan göy-qırmızı sayrışan işıqlarla bağlı da məsələyə toxunub:
“Operativ nəqliyyat vasitəsi olmayan avtomobillərdə sayrışan işıq vasitələrinin istifadə edilməsi qadağandır. Xüsusi səs və işıq siqnalları quraşdırılmış nəqliyyat vasitələri xüsusi qeydiyyatdan keçməlidir. Müvafiq orqanın icazəsi olmadan sayrışan işıqlarla təchiz olunmuş nəqliyyat vasitələrinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinin tələbinə əsasən, nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulur. Həmçinin, bu pozuntuları yerində aradan qaldırmaq mümkün olmadıqda nəqliyyat vasitəsi mühafizə olunan duracağa yerləşdirilir. Məsələyə hüquqi qiymət verilməsi üçün məhkəmə orqanlarına müraciət olunur, cərimənin tətbiqi isə məhkəmənin verdiyi qərara uyğun şəkildə müəyyən edilir”.
Könül Cəfərli
www.102info.az