“Biz öldü dedik, o isə oğlu və sevdiyi Hikmət müəllimlə qovuşdu…”

Mədəniyyət

İki gün öncə bəstəkar, Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli 59 yaşında dünyasını dəyişdi.

Onun vaxtsız vəfatı ilə barışa bilməyən sənət dostları sosial şəbəkə hesablarında bəstəkarla bağlı xatirələrini bölüşüb, ailəsinə başsağlığı veriblər.

Xalq artisti Flora Kərimova: “Övlad faciəsini, həyat yoldaşı, silahdaşı-dostu Hikmət bəyin vaxtsız yoxluğunun ağrısını nəğmələrinə yansıtsa da, ürək ürəkdir. Bəzən ruhun həbs olduğu bədən, ruhdan zəif olur! Allah rəhmət eləsin! Məkanın cənnət olsun, Nailə xanım!”

Xalq artisti Brilliant Dadaşova: “İlk dəfə Nailənin “Gecələr” mahnısını ifa etmişdim . O, Cavanşir Quliyevdən xahiş etmişdi ki, Brilliant Dadaşova üçün mahnı bəstələmişəm – amma qorxuram qəbul etməz. Cavanşir Quliyev məndən xahiş edib dedi ki, Nailənin ilk mahnısıdır və o çox istedadlı xanımdır. Musiqini dinlədikdə gördüm ki, gözəl, fərqli və yüksək diapazon tələb edən əsərdir və o gündən bəri, 1991-92-ci ildən onun bir çox musiqilərini ifa etdim. Onunla tanış olarkən 7 il idi səhnədə idim və o vaxt artıq Cavanşir Quliyevin, Eldar Mansurovun, Faiq Sucəddinovun mənim üçün bəstələdiyi mahnılarım çox sevilirdi. Bu sevilən mahnılarıma Nailə Mirməmmədli bəstələri də əlavə edildi. “Gecələr“, “Arzu”, “Mən sənətkaram”, “Xatirələrim”, “Ana” və başqaları.

Xalq artisti Röya Ayxan: “Bu gün anamı itirdim! Hər şey o qədər qəfil baş verdi ki… Bizi qoyub getdin, mən indi nə edəcəm? Mənimlə bir yerdə bütün musiqisevərlər sənin üçün ağlayır. Biz öldü dedik, o isə oğlu və sevdiyi Hikmət müəllimlə qovuşdu. Dünyadan daha bir gözəl qadın köçdü. Əlvida!”

Xalq artisti Elçin Həşimov: “1992-ci ildə ilk dəfə Elnur Əhmədov, Kamran Kərimov və başqa dostlarımla “Bənövşə” uşaq ansamblını yaradaraq bir yerdə işlədik. Hikmət müəllimlə də həmçinin. Çox heyf itirdik sizi. Böyük əvəzolunmaz bəstəkar, mehriban insan. Allah rəhmət eləsin!”

Əməkdar artist Manana: “Heç vaxt yadımdan çıxmaz, iki gözəl, sevimli insan və bəstəkar məni evlərinə dəvət edib, öz yaradıcılıqlarını mənə təqdim etdilər. Hikmət və Nailə Mirməmmədlilərin mahnılarını ifa etmək xoşbəxtliyi mənə də qismət oldu. Mənim qəlbimdə və əlbəttə, incəsənət aləmində böyük və ağır itkidir. Lakin onların əvəzolunmaz mahnıları hər zaman bizim həyatımızı bəzəyəcək. Nailə xanım daima mənim ürəyimdə xüsusi yer tutacaq. Ailəmizin adından mərhumun yaxınlarına baş sağlığı və səbr diləyirik və dərdlərinə şərik oluruq. Allah rəhmət eləsin!”

Əməkdar artist Lalə Məmmədova: “Gözlənilməz və vaxtsiz gediş… Nailə Mirməmmədli siz də, Hikmət müəllim də nəğmələrinizlə hər zaman qəlbimizdə yaşayacaqsınız”.

İradə İbrahimova: “Gerçək bir xanım, mən daxil bir çox insanın həyatına sənət və nəzakətlə toxunaraq keçən, müstəsna gözəllikdə bir rəfiq, dost aramızdan ayrıldı. Sevgisi sonsuza qədər qəlbimdə. Nailə xanım, sizdən mənə qalan miraslarımı paylaşıram. Getdiyiniz yer işıq olsun.”

Zamiq Hüseynov: “Dünyada və həyatda baş verən hadisələr ən birinci yaradıcı insanlara təsir edir. Çünki yaradıcı insan dünyanı, həyatı, insanları xoşbəxt görmək istəyir. Dinlədiyiniz bütün musiqilər, sözlər, izlədiyiniz filmlər, rəsmlər, bütün gözəlliklər sevgidən, xoşbəxtlikdən yaranıb. İnsanlar, dünya xoşbəxt olmadıqca belə insanları itirəcəyik. Yaradıcı insanların gözündən dünyaya baxsanız, nə qədər gözəl olduğunu görərsiniz. İnsanların, heyvanların, təbiətin nə qədər gözəl olduğunu görərsiniz. Həyata yaradıcı, sevgi gözü ilə baxsanız görərsiniz ki, Allah nə qədər gözəlliklər bəxş edib bizlərə. Amma insan oğlu bu dünyanı məhv edib. Bunu oxuduğun zaman özünü kənara çəkmə. Hamımızın bir payı var. Allah rəhm eləsin hamıya. Allahın qəzəbinə gəlmişik. Bu da növbəti sənətkar… Cavan yaşda itirdik. Elə bilirsiniz o xoşbəxt idi? Yox, mən onu tanıyırdım. Bir gözü həmişə ağlayırdı, bir gözü az gülürdü ki, insanlar elə bilməsin yıxılıb. Bir həftə əvvəl teefonla danışdıq. İnanın, səsində nə qədər ruh düşkünlüyü olduğunu hiss etdim. Bu gedişat əlimizdən çox canlar alacaq. Nailə xanım böyük bəstəkar idi. Yeri heç vaxt dolmayacaq. Allah rəhmət eləsin sənətkarımıza!”

Oksana Rəsulova: “Bəxti ilə bacara bilməyən tənha qadın… Rahatlığını yalnız bəstələrində tapırdı… Allah rəhmət etsin! “

Vasif Məhərrəmli: “Gözəl bəstəkar, dəyərli, kövrək qəlbli insan, heyf səndən. Nailə xanım, ölüm sizə heç yaraşmadı”. (kulis.az)

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir