Gəncə şəhərinin mərkəzi küçələrində asfalt örtüyü sıradan çıxıb.
Bu barədə Oxu.Az-a Gəncə sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, hərəkətin intensiv olduğu Təbriz, Süleyman Rüstəm, Nizami Gəncəvi və Azərbaycan Bayrağı küçələrinin kəsişməsində yollar qəzalı vəziyyətə çatıb. Adıçəkilən küçələrdən sakinlərin göndərdikləri fotoları təqdim edirik:
Gəncə şəhəri, Təbriz küçəsi
Gəncə şəhəri, Süleyman Rüstəm küçəsi
Gəncə şəhəri, Nizami Gəncəvi küçəsi ilə Azərbaycan Bayrağı küçəsinin kəsişməsi
Görüntülərlə əlaqədar Gəncə Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq, bildirilib ki, Gəncə şəhərində “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsi icra olunur. Hazırda sözügedən layihə çərçivəsində Gəncə şəhərinin Təbriz küçəsi və onun döngələrində içməli su və çirkab su xətləri yenilənməkdədir.
“Avtomobillərin rahat hərəkətini təmin etmək üçün Təbriz küçəsinin qazıntı işləri aparılmış hissələrinə çəkilən asfalt örtüyü müvəqqəti xarakter daşıyır. İşlər tam yekunlaşdıqdan sonra küçənin asfalt örtüyü tam bərpa olunacaqdır.
Gəncə şəhərinin Azərbaycan bayrağı küçəsi ilə Nizami Gəncəvi prospektinin kəsişməsində Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən yeni işıqfor quraşdırılıb. Sözügedən ərazidə yolun qazılan hissəsi “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi tərəfindən bərpa ediləcəkdir.
Gəncə şəhərinin Süleyman Rüstəmov və Tofiq Bayramov küçələri boyunca Gülüstan yaşayış massivinədək yeni dairəvi yolun çəkilməsi nəzərdə tutulur. Yaxın zamanda sözügedən ərazilərdə yol infrastrukturunun yenilənməsi həyata keçiriləcəkdir” – deyə, İcra Hakimiyyətinin açıqlamasında qeyd olunub.
Aysel Aslan
www.102info.az