ABŞ-nin Nyu-York şəhərində erməni hərbçilərin əsir götürdükləri Bəxtiyar adlı şəxsin həyatından bəhs edən “Nəfəs” filmi təqdim olunub.
“Report”un ABŞ bürosu xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə ərsəyə gələn filmin təqdimatı Nyu-Yorkun qədim “Village East by Angelika” kinoteatrında baş tutub.
Təqdimat mərasimində filmin yaradıcı heyəti, ABŞ-də yaşayan Azərbaycan icmasının fəalları, BMT-də fəaliyyət göstərən azərbaycanlı diplomatlar, yerli ictimaiyyətin nümayəndələri və amerikalı jurnalistlər iştirak ediblər.
Real hadisələr əsasında çəkilən filmdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində Ermənistan hərbi birləşmələri tərəfindən əsir götürülən Bəxtiyarın həyatından bəhs edilir.
Filmin qəhrəmanı Bəxtiyar travma sonrası stres pozğunluğu sindromundan əziyyət çəkir. Əsirlikdən azad olunduqdan sonra doğulduğu kəndə qayıdan Bəxtiyar məhbus həyatında aldığı travmalar ilə mübarizə aparır. İnsanlarla ünsiyyətdən qaçan qəhrəman öz hekayəsini təbiətlə – yağış, qar, ağaclar və daşlarla bölüşür. Doğulduğu kəndin düşmən işğalından azad edilməsinin sevinci Bəxtiyarın ağrılarını sakitləşdirmir.
“Nəfəs” filmində Bəxtiyarın hekayəsi ilə müharibənin ağır travmalarının təsirlərinin ömür boyu davam edə biləcəyi vurğulanır.
Film izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.
Təqdimat gecəsində uzun illərdir ABŞ-də fəaliyyət göstərən azərbaycanlı rejissor Elmar Bayramov sənətsevərləri çəkilişləri soyuq və qarlı hava şəraitində baş tutan filmin bilinməyən tərəfləri barəsində məlumatlandırıb və onları maraqlandıran suallara cavab verib.
Sənətsevərlər həmçinin kinoteatrın sərgi salonunda Xocalı soyqırımını əks etdirən orijinal fotoların nümayiş olunduğu “Xocalıya Ədalət” sərgisini ziyarət edib, erməni vəhşiliyi haqqında məlumatlanıblar.
www.RIA24.az