Bakıda bir nəfəri öldürüb, bir nəfəri isə ağır yaralamaqda təqsirli bilinən Əmrah Yaqubovun cinayət işi üzrə təfərrüat məlum olub.
Ölkə.az xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib. Rayon ərazisindəki kafelərin birində aralarında yaranan mübahisə zamanı əvvəllər məhkum olunmuş Əmrah Yaqubov Qusar rayon sakini Vitalik Bədəlovu 7 bıçaq zərbəsi vurmaqla qətlə yetirib. Daha sonra o, davanın qarşısını almaq istəyən İsa Cəmiyevə bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Əmrah Yaqubov tutulub.
İş üzrə dindirilmiş Əmrah Yaqubovun sözlərinə görə, hadisə baş verən gün gecə saat 2 radələrində Mirrəhim adlı dostu ilə metronun “Neftçilər” stansiyasının yaxınlığında rastlaşıb. Mirrəhim yanında olan Vitalik və İsa adlı ləzgi uşaqlarla onu tanış edib. Bir qədər sonra ora Mirrəhimin Səid və Natiq adlı tanışları da gəliblər.
Yeyib-içmək üçün Bakıxanov qəsəbəsində fəaliyyət göstərən “Yaşıl Məkan” adlı kafeyə gediblər. Səhər saat 5-ə qədər orada olublar.
Əmrah bildirib ki, həmin vaxt kafenin sahibi oranı bağlamaq istədiyi üçün hesabı istəyib. Vitalik pulu olduğunu lakin hesab verməyəcəyini dedikdə, Əmrah birlikdə çörək yediklərini və pulu vermək lazım olduğunu bildirib.
Bu səbəbdən aralarında mübahisə yaranıb. Bu zaman Mirrəhim cibindən 5 manat çıxarıb Vitalikə tərəf uzadıb. Sonuncu da onun üstünə 2 manat əlavə edib. Əmrah, Səid və Natiqin isə pulu olmayıb.
Bu səbəbdən Mirrəhim şəxsiyyət vəsiqəsini kafedə girov qoyaraq sabah gətirib qalan pulu verəcəyini deyib.
Əmrah Yaqubov ifadəsinin davamında bildirib ki, onlar şəxsiyyət vəsiqəsini girov qoyub kafedən çıxdıqdan sonra Nazim İsmayılov küçəsi ilə hərəkət ediblər. Gedərkən Vitalik Bədəlov yolda əl-qolla danışmaqla ona nahaq yerə kafedə Mirrəhimin şəxsiyyət vəsiqəsini qoyduqlarını bildirib. Əmrahın sinəsindən vuraraq ünvanına müxtəlif söyüşlər işlədib.
Bu zaman Əmrah Vitalikə gücü çatmayacağını bilib. Özü ilə gəzdirdiyi bıçaqla onun sinəsinə və belinə zərbələr endirib. Həmin vaxt İsa içərisində ayaqqabılar olan torba ilə onun kürəyindən vurduqda Əmrah ona da bir neçə xəsarət yetirib.
“Yolla marketə tərəf gedirdik, Vitalik əl-qol ata-ata başladı ki, “xoşuna gələr sənin ana-bacının şəxsiyyət vəsiqəsi qala orada?” Dedim, “gic-gic danışma, bilmirsən nə danışırsan. İçkilisən sonra danışarıq”. Sinəmdən yumruqla vurdu ki, “sənə deyirəm sakit dur”. Bu vaxt İsa kürəyimdən vurdu. Gördüm gücüm çatmayacaq bunlara. Bıçağı çıxarıb birinci Vitaliki vurdum, sonra da İsanı. Qaçıb marketə tərəf gedəndə yolda polislər tutdu məni”.
Zərərçəkmiş İsa Cəmiyev ifadəsində göstərib ki, Qusar rayonundan Bakıya gəlib və binaların fasadlarının rənglənməsi ilə məşğul olub. Bir müddət sonra həmkəndlisi Vitalik Bədəlov da paytaxta gələrək onunla birlikdə işləyib.
İsa Cəmiyev bildirib ki, həmin gecə 6 nəfər olmaqla Bakıxanov qəsəbəsindəki kafedə yeyib-içiblər. Sonda ümumi hesabları 32 manat olsa da, ofisianta cəmi 7 manat veriblər. Qalan pulu isə borclu qalıblar.
Kafedən çıxanda həmin 4 nəfərdən ayrılıb “stansiya Razin” istiqamətində gediblər. Vitalik onların yanına çatanda o, nisbətən arxada olub. Ona görə də aralarında hansı söhbətlərin olmasını eşitməyib. Ora çatanda yolun kənarındakı səkidə Əmrahın Vitaliki bıçaqla vurduğunu görüb. Davanın qarşısını almaq məqsədi ilə əlindəki torba ilə Əmrahın başına vurub. Ona tərəf çevrilən Əmrah arxasına keçərək bıçaqla onun belinə, qoluna və çiyninə zərbələr endirməklə onu öldürəcəyini deyib. Həmin vaxt orada dayanan avtomobildən düşən iki nəfər polis əməkdaşını görən Yaqubov onu buraxıb qaçmağa başlayıb. Sonra təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.
Məhkəmə prosesində Əmrah Yaqubov ittiham üzrə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirib.
Sonda məhkəmənin hökmü ilə Əmrah Yaqubov ittiham olunduğu maddələrlə təqsirli bilinərək 14 il müddətinə azadlıqdan məhrum olunub.
www.102info.az