Qan Turalı yazır…
“Üç günə zəlzələ olacaq”dan tutun, “bizə çip qoyacaqlar”a qədər hər cür yalanın özünə çox asanlıqla tərəfdar tapdığı bir dünyada yaşayırıq. Bu el ilə (dünya ilə) bir gələn bəladır, ancaq toy-bayram deyil.
Kütlənin hadisələrə reaksiyası bir çox hallarda tələsik və anidir. Misal üçün, Türkiyədəki zəlzələdən bir ay keçib ancaq zəlzələ haqqında düşünən demək olar ki, qalmayıb. Ancaq bu bir ay ərzində binaların təhlükəsizliyindən tutmuş, zəlzələ proqnozlarına qədər hər şey müzakirə edilirdi.
“Müzakirə edilirdi” sözü nəzakətlə deyilib, əslində isə isterik hay-küylər vardı, vəssalam. Bu isterik ovqat içində “həyət evlərinin nə qədər təhlükəsiz olduğu”ndan tutmuş, Bakıda 8 bal zəlzələ olacağına qədər hər cür yalan cövlan edirdi.
İndi isə hər şey unuduldu və kütlə adi yaşayışına geri qayıtdı. Pandemiya vaxtı da belə olmuşdu, zəlzələdə də belə oldu. Həmişə də belə olacaq.
Ancaq bəşəriyyət kimi sahib olduğumuz ən dəyərli sərvət elmdir. Atatürkün də dediyi kimi elm ən həqiqi mürşiddir. Bəs elm insanların stres, isterika anındakı hissləri, təsəvvürləri ilə bağlı nə deyir?
“Eksperimental sosial psixologiya jurnalı”nda çap edilən bir araşdırma insanların stresli zamanlarında batil inanclara, konspiralogiya nəzəriyyələrinə daha çox inandığını ortaya çıxarır. (Konspiralogiya nəzəriyyələri hər hansı bir hadisə haqqında ictimaiyyətdən saxlandığı iddia edilən məlumatlarla, gizli məlumatlara və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. “Bizə çip qoyacaqlar” kimi)
Araşdırma iki mərhələ üzrə aparılır. Birinci mərhələdə, eksperimentdə iştirak edənlərin özlərini nə qədər tənha hiss etdikləri öyrənildi.
Bu məlumatlar aşkarlandıqdan sonra təcrübədə iştirak edənlərdən üç konspirasiya nəzəriyyəsinə münasibət bildirmələri xahiş edildi. Həmin üç məsələ isə bunlar idi:
Dərman şirkətləri bir çox xəstəliklərin dərmanlarını tapıblar, ancaq açıqlamırlar.
Bəzi dövlətlər xalqı nəzarətə almaq üçün şüuraltı, sublinimal mesajlar verirlər.
Bermud üçbucağında paranormal hadisələr baş verir.
İki mərhələdə toplanan məlumatlar müqayisə edildiyi vaxt isə özlərini daha çox tənha hesab edənlərin konspiralogiya nəzəriyyələrinə daha çox inandığı üzə çıxdı. Başqa sözlə desək, insan nə qədər tənhadırsa yalanlara da o qədər çox inanır.
Streslə bağlı araşdırma isə İngiltərədə aparılıb. 20-78 yaşlarında olan 400 nəfərə iki saxta nəzəriyyə təqdim edilib. Birincisi, Aya insanların həqiqətən getmədiyi, digəri isə ABŞ zəncilərinin lideri Martin Lüter Kinqin ABŞ dövləti tərəfindən öldürüldüyü kimi.
Bu suallara cavab alındıqdan sonra iştirakçıların son atı aydakı stres səviyyələri öyrənilib. Və stres səviyyəsi artdıqca insanların konspiralogiya nəzəriyyələrinə daha çox inandığı üzə çıxıb. Bu tədqiqatın rəhbəri Svami nəticələri belə izah edir: “Stresli vəziyyətlərdə insanların analitik düşünmə qabiliyyəti korşalır”.
“Psychology Today” jurnalında dərc edilən bir araşdırma konspiralogiya nəzəriyyələrinə inananların sosial profilini aşkara çıxardır. İki il çəkən və yüzlərlə insanın iştirak etdiyi təcrübədə rəyi soruşulanların dörddə biri hər şeyin arxasında gizli, qurama, sirli-sehrli bir qüvvə olduğuna inandıqlarını bildiriblər.
Araşdırma bu 25 faizi sosial profilini belə müəyyən edib: Aztəminatlı, aztəhsilli, etnik azlığa mənsub, psixoloji vəziyyəti pis olan və həyatlarının bir neçə dövründə intihar barədə düşünmüş olan insanlar.
Jurnal araşdırmaya verdiyi şərhdə bu sahədə daha çox tədqiqat aparılmasının zəruriliyini qeyd etdikdən sonra belə bir məqamı da vurğulayır: “Əsl səbəb isə insanların konspiralogiya nəzəriyyələri ilə bağlı mövzularda çox az şey bilmələridir”.
Bəli, insanların azsavadlı olmaları problemin əsas cəhətidirsə stresli, psixoloji cəhətdən gərgin vəziyyətlərdə hər cür yalanlara inanmaları da həqiqətdir. Başqa sözlə desək, nadanlıqla tənhalığın qarşılaşması təhlükəlidir.
www.RIA24.az