Bu gün həm teatr, həm də kino sahəsində eyni səviyyədə uğur qazanmaq hər aktrisanın işi deyil.
Hər iki sahədə də sevilən, seçilən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova “Kaspi” qəzetinə müsahibə verib.
Rada xanım bildirib ki, uşaqlıqda aktrisa olmaq barədə heç düşünməyib. O, həkim olmaq istəyirmiş:
“Anam çox mütaliə edirdi, o oxuduğu kitabı bitirən kimi mən oxuyurdum. Beləcə məndə mütaliəyə həvəs yarandı. Əsərlərdəki obrazları sevməyə, onların yaşadığını yaşayaraq oxumağa başladım. 90-cı illərdə ekranlara Braziliya serialları çıxdı. Aktrisalara rəğbəti görəndə məndə də aktrisa olmağa həvəs yarandı. 11-ci sinifdə “Hansı sənətin sahibi olmaq istəyirsən?” mövzusunda inşamda “aktrisa olmaq istəyirəm” yazdım. O dövrdə kinoya çox baxdığıma görə kino aktrisası olmaq istəyirdim. Amma tələbəlik illərimdə tamaşalara çox getdim və teatr məni daha çox cəlb etdi. Özümü daha çox kinoda sevirəm və görürəm. Amma teatr məktəbdir – hər gün səhnədə canlı məşq gedir, öyrənirsən. Serialda hər şey çox sürətli olur. Amma teatrda tamaşadan tamaşaya daha çox inkişaf edir, səhvlərini düzəldirsən”.
“İstəmədən oynadığım obrazlar olub” deyir aktrisa:
“Rejissor əgər səni həmin obrazda görürsə, deməli, düz bilir. Aktyor rejissordan asılıdır. Mən rejissor məsləhət bilən rolu əvvəldə istəməsəm də, özümə sevdirib oynamışam. Obrazını sevməsən, tamaşaçını inandıra bilməzsən. Bəzən olur ki, oynadığım səhnəni başqa cür görürəm. Amma bu barədə rejissora heç nə demirəm. Mən aktrisayam, işim oynamaqdır. Quruluş vermək isə rejissorun işidir. O, özünə görə haqlıdır və o səhnəni elə görür. Mən rejissora da, ssenaristə də hörmətlə yanaşıram. O bilir nə yazır, o da bilir nə çəkir. Mən buna qarışa bilmərəm”.
Rada xanım deyir ki, bu gün teatr və kinoya diqqət çatmır:
“İnkişaf üçün stimul çox vacibdir. Stimul olmayanda cücərən, yaşıllaşan həvəs solur. Bəzən bizim filmlərlə xarici filmləri müqayisə edirlər. Yaradıcı heyətimiz mükəmməldir, çox istedadlı xalqıq. Bizə ancaq yaxşı maliyyə lazımdır. Kifayət qədər pul ayrılmadığına görə hər şeydən qırtılır. Az bir maliyyə ilə ortalığa nəsə çıxarmağa çalışırıq. Düzdür, Felliniyə sual verəndə ki, yaxşı film üçün nə lazımdır, deyir ssenari! Ssenari olmasa yaxşı film çəkmək olmaz. Amma maddiyyat da çox önəmlidir. Yaradıcı heyətə yaxşı pul verilməlidir, geyim, qrim, məkanlar, həmçinin də texnikaya pul lazımdır. Hər şeyi dövlətin üstünə yıxmaq olmaz. Dünyanın hər yerində şirkətlər sponsorluq edir kinoya, teatra və bundan zövq alırlar. Bizdə bu yoxdur. Atatürk deyir ki, hər bir dövlətin pəncərəsi onun mədəniyyətidir. Bizsə sanki mədəniyyətimizi, incəsənətimizi qoruyub saxlamaq istəmirik”.
“Aktrisa üçün ən böyük hədiyyə alqışdır” deyir aktrisa:
“İfanın tamaşaçıya toxunmasını alqışla hiss edirsən və bu, elə bir hisdir ki, elə bil dərin nəfəs alırsan və ürəyində kəpənəklər uçuşur. İlk dəfə 16 yaşımda “Oqtay Eloğlu” tamaşasında Sevəri oynamışam. Sevərin qardaşı ilə qucaqlaşdığı səhnədə ilk alqışlarımı eşitmişəm. Onda qərarımı düz verdiyimi anladım, bildim ki, mən aktrisa olacağam”.
Rada xanım deyir ki, dəyər insanın özündən başlayır:
“Hər səhər oyanıram, güzgüyə baxıb deyirəm: “Yaxşı ki, varsan. Sən mükəmməlsən, sən hər şeyin öhdəsindən gələnsən!” Düşünürəm ki, insan özü-özünə dəyər verirsə, onda hamı ona dəyər verir. Mən özüm özümə yetərəm. Hətta qadın kimi də xoşbəxtliyimi kimdəsə axtarmıram. Oxuduğum kitab, baxdığım tamaşa, film, içdiyim çaydan da zövq ala bilirəm. Bu yaxınlarda “Kod adı “VXA” tamaşasını izlədim. Qadınlar nələrə dözüb, dəhşətli tale yaşayıblar. Amma indi azad, müstəqil ölkədə yaşayırıq. İnsanların hər şeyi var, istəklərimiz, arzularımız azaddır. Amma insanlara baxırsan, məmnunluq faizi çox azdır. Elə hər şeydən narazıdırlar. Xoşbəxt olmağı bacarmırlar. Bəs siz də o taleyi yaşasaydınız, necə olardı? Sanki hər şeydən doymuşuq, hər şeydən narazıyıq. Hər anımız üçün şükür etməliyik. Hər səhər dərindən nəfəs alıram, deyirəm, ilahi şükür. Özüm gedirəm, yaratdığın gözəllikləri görürəm. Mənim brend telefonum, geyimim, maşınım olmasa dünyanın sonudurmu? Bəyəm restoranda oturub istədiyin yeməyi sifariş etməkdirmi xoşbəxtlik?”
Mütaliəni çox sevən aktrisanın ən çox sevdiyi yazıçılar F.M.Dostoyevski, V.Hüqo, E.A.Po, C.London, T.Hardidir:
“Xalid Hüseyninin “Çərpələnguçuran” əsərini oxudum. Mənə çox pis təsir etdi. O vaxt türk filmləri festivalı keçirilib, çoxu gedib baxmağa. Ədil İskəndərov tələbələrdən hansı filmi daha çox bəyəndiklərini soruşub. Əksəriyyəti “Avtobusda” filminin adını çəkib. O da cavab verib ki, o kino deyil, həyatdır. Kino yalan olmalı, insanlara yaşamağı sevdirməlidir. Mən düşünürəm ki, bədii əsər də elə olmalıdır”.
“Əlimdə bir sehrli çubuq olsa, insanların düşüncəsini dəyişərdim” deyir Rada xanım:
“Məktəbi qurtaran kimi qızları, əsgərlikdən gələn kimi oğlanları evləndirir, xoşbəxtliyi bunda görür çoxu. Uşağı dünyaya gətirməyə nə var ki? Bəyəm valideyn olmaq təkcə onu yedizdirib, geyindirməkdən ibarətdir? Uşağı düzgün böyütmək, tərbiyə etmək lazımdır axı. Mənə elə gəlir ki, təhsilli yox, dürüst insanlar yetişdirmək lazımdır”.
Aktrisanın arzusu da var: “Bir şansım olsaydı, uşaq evi açardım. Kimsəsiz qalan uşaqları toplayıb, onlara baxardım, geyindirərdim, həm müəllimləri olardım, həm də qayğı göstərərdim. Onlar böyüyəndə mənə təşəkkür edib-etməyəcəkləri maraqlı deyil. Bu arzumu həyata keçirə bilsəydim, onlara dayaq ola bilsəydim, dünyanın ən xoşbəxt insanı olardım, rahat gedərdim bu dünyadan”.
www.RIA24.az