“Şirvanşahlar Residence” sakinlər yaşayan binanı sökür? – Nərimanov İcra Hakimiyyəti göz yumur? – VİDEO

Cəmiyyət

Bakıda tikinti şirkəti sakinləri tam köçürmədən binanı uçurmağa başlayıb. 

Bu barədə Oxu.Az-a sözügedən binada yaşayan sakin şikayət verib. Söhbət paytaxtın Arif Heydərov küçəsi, ev 2 ünvanından gedir. Sakin iddia edir ki, valideynləri həmin binada yaşayırlar və tikinti şirkəti binada körpə uşağı, yaşlı valideynləri ilə birgə yaşayanlara məhəl qoymadan binanı sökür:

“Söküntü işləri martın 6-da günorta saatlarında “Şirvanşahlar Residence” Build Production MMC tərəfindən başlayıb. Hazırda nənəm də daxil olmaqla, azyaşlı uşaqları olan 9 ailənin və xəstə qocaların məskunlaşdığı bu yaşayış binasının söküntüsü artıq başlanılıb. Binanın bir blokunu sökürlər və zərbələrdən bizim yaşadığımız blok da titrəyir. Tikinti şirkəti özlərini Qarabağ əlilləri kimi təqdim edən bir neçə nəfəri sakinlərin üzərinə göndərir, mübahisə yaradaraq qonşuları döydürürlər. Təhrik edirlər ki, qonşular da onlara cavab versin. Polis isə buna heç bir reaksiya vermir.

Ölkədə gündüz vaxtı uşaqlı və qoca ailələrin hələ də yaşadığı binanı dağıtmaq heç bir məntiqə sığmır. Şirkət bu sakinlərlə razılığa gələ bilməyib və sakinlər öz haqlı olaraq qanuni mənzillərində yaşamağa davam etmək istəyirlər”.

Sözügedən şirkət haqqında vətəndaşın irəli sürdüyü iddiaların nə qədər həqiqəti əks etdirdiyini müəyyənləşdirmək üçün “Şirvanşahlar Residence” Build Production MMC ilə əlaqə saxladıq. Telefona cavab verən xanım bizi məsul şəxs olduğunu dediyi şirkətin satış meneceri Elvin Mirzəyevlə əlaqələndirib. 

E.Mirzəyev Oxu.Az-a açıqlamasında paytaxtın Arif Heydərov küçəsi, ev 2 ünvanından təmsil etdiyi şirkət tərəfindən heç bir söküntü işlərinin aparılmadığını qeyd edib:

“Hazırda heç bir söküntü işləri getmir. Bizim şirkət tərəfindən sözügedən ünvanda artırma sökülüb. Bu prosesdə də Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Sözügedən söküntü əks olunan video köhnədir, ayrı tamamilə sakinlərin köçürüldüyü blokdur. Bu barədə mətbuatda da məlumatlar gedib. Sadəcə olaraq digər blokda bir neçə ailə var ki, digər sakinlərə şirkət tərəfindən təklif edilən şərtlərə razılaşmırlar. Şirkət tərəfindən sakinlərə rəsmi məktub formasında məlumat verilib. Bildirilib ki, şirkət onlara mənzillərinin kvadratlarının əlavə 20%-ni, təmirli formada mənzil ilə təmin edəcək. 1 il 2 ay ərzində kirayə haqlarını da şirkət qarşılayacaq. Kompleks yeddimərtəbəlidir.

Hazırda sökülməyə mane olan blokda 6 ailə qalıb. Onların da üçü ilə danışılıb, müqavilələrin bağlanması üçün sənədlər hazırlanır. Üç ailə isə mənzilləri üçün fantastik məbləğ istəyir. Ümumi 210-a yaxın ailə var, onların 80 faizi qeyd etdiyimiz şərtlərlə müqavilə bağlanıb və köçürülüb. Heç kim əziyyət çəkmir, istədikləri kirayə mənzillərlə təmin etmişik. Sadəcə olaraq bəzi ailələr süni maneələr yaratmağa çalışırlar. Şirkət olaraq hər kəslə ədalətli mövqedən danışırıq, eyni şərtlərlə müqavilə bağlamışıq. Şirkət olaraq 1 otaqlı evə 150 min, sahəsi 45 kvadratmetr olan evə 300 min manat pul verə bilmərik. Sakinləri başa düşürük, amma bu kimi məsələlərdə sahibkarları da başa düşmək lazımdır. Şirkət olaraq əlimizdən gələn güzəştlərin hamısını etmişik”.

Nərimanov Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirilib ki, hazırda sözügedən ərazi ilə bağlı araşdırılma aparılır:

“Söküntü artıq bir müddətdir ki dayandırılıb. Sakinlərlə şirkət arasında razılıq əldə edildikdən sonra işlər davam etdiriləcək”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir