Filippinin Şərqi Mindoro sularında batmış “Princess Empress” tankerindən axan neft sızıntısı 6,2 km uzanıb.
Bu barədə “Greenpeace” ətraf mühitin müdafiəsi təşkilatının Filippin bölməsi məlumat yayıb.
“Greenpeace”in Filippindəki fəalı Cefferson Çua sızmanın davam edəcəyi təqdirdə 800 min litr mazutun hamısının ətrafa dağılacağı barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, bu hadisə Filippin tarixində ən dəhşətli fəlakətlərdən hesab edilən Gimarasda neft sızıntısını üstələyir.
Qeyd edək ki, 2006-cı ildə Gimaras adasının yaxınlığındakı Panay körfəzində tankerin batması nəticəsində 500 000 litrdən çox bunker yanacağı ətrafa dağılıb. Nəticələri tamamilə aradan qaldırmaq üçün hökumətə illər lazım olub.
“Greenpeace” xəbərdarlıq edir ki, cari sızma çoxlu dəniz canlısının yaşadığı Verde-Aylendə çata bilər. Ekoloqlar bunun iqtisadiyyat və turizm baxımından ağır nəticələri barədə xəbərdarlıq ediblər.
Filippin hökuməti artıq Yaponiya və ABŞ-dən kömək istəyib. Yaponiya kömək çağırışına səkkiz nəfərlik komanda göndərməklə cavab verib.
Qeyd edək ki, fevralın 28-də Şərqi Mindoro əyalətində sənaye məqsədləri üçün 800 min litr mazut daşıyan tanker batıb. Neft sızıntısı əyalətin 10 bələdiyyəsinə təsir edib, həmçinin Antik, Palavan və Romblon da daxil olmaqla digər adalara çatmış ola bilər. 20 min hektar mərcan rifi, 9,9 min hektar manqrov, 6 min hektar yosun sahəsinə təsir göstərə biləcək fövqəladə vəziyyətin səbəblərinin araşdırılması gözlənilir. Batan tankerin təxminən 400 m dərinlikdə olduğu güman edilir, lakin səlahiyyətlilər dağıntılara çata bilmədiklərini və sızıntının qarşısını ala bilmədiklərini bəyan ediblər.
Mənbə: TASS
www.RIA24.az