İran İslam Respublikasının (İRİ) Pakistandakı səfiri Pakistanın Baş naziri İmran Xanın müsəlman dünyasında birliyin möhkəmləndirilməsi zərurəti ilə bağlı verdiyi bəyanata münasibət bildirib.
Bu haqda “İRNA” məlumat yayıb.
İran səfiri Seyid Məhəmməd Əli Hüseyni urdu dilindəki “tvit”ində belə yazıb: “Baş nazir İmran Xanın müsəlmanların maraqları və birliyi ilə bağlı söylədiklərini dəyərləndirir və dəstəkləyirik.”
Daha əvvəl Pakistan Milli Məclisində danışan Baş nazir Xan ölkəsinin bölgədəki gərginliyi aradan qaldırmaq üçün səylərinin davam edəcəyini söyləyib. “Ancaq İran və Səudiyyə Ərəbistanı arasında münasibətlərin qurulmasına qarşı olan bəzi ölkələr var” –deyə o bildirib. Baş nazir rəsmi İslamabadın iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılması üçün əlindən gələni edəcəyini qeyd edib və Pakistanın bütün müsəlman icmasını birləşdirəcək bir ölkə olacağını vurğuladı.
Xatırladaq ki, Pakistan İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin normallaşması istiqamətindəki cəhdlərini xeyli müddətdir davam etdirir. Hələ keçmiş Baş nazir Nəvazi Şərif 2016-cı ildən belə cəhdlərə baş vurmuşdu. Hazırkı hökumət başçısı İ.Xan isə ötən ilin oktyabrında bu məqsədlə Tehrana səfər edib.