Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Binə qəsəbəsində 11 evdən oğurluqlar edən dəstə üzvləri saxlanılıblar.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat nəticəsində həmin qəsəbədə yaşayan Yunsur Rəhimov, qardaşı Ələsgər və yetkinlik yaşına çatmayan daha bir nəfər tutulub. Bu şəxslərin evlərdən pul, qızıl-zinət və məişət əşyaları oğurladığı məlum olub. Araşdırma zamanı dəstə üzvlərinin Sabunçu və Suraxanı rayonlarında da mənzillərdən oğurluqlar etdikləri müəyyən edilib. Onlar əldə etdikləri əşyaları isə Sabunçu qəsəbəsində yerləşən ticarət mərkəzlərindən birində satıblar.
Faktlarla bağlı 3-cü Polis Şöbəsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.
www.102info.az