YAP İdarə Heyətinin iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olundu – FOTO

Siyasət


Martın 16-da Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib, 38 nəfər partiya sıralarından xaric olunub.

Bu barədə YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasın müzakirəsinə Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılması və cari məsələlər çıxarılıb.

YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Yeni Azərbaycan Partiyasının 2022-ci il üzrə maliyyə hesabatlarını müstəqil auditor rəyi ilə birlikdə iclas iştirakçılarına təqdim edib. Tahir Budaqov bildirib ki, ötən il yeni maliyyə-uçot sisteminə keçid olub və 2022-cü il üzrə partiyanın maliyyə hesabatları bu sistem əsasında hazırlanıb.

Müzakirələr zamanı YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov və Arif Rəhimzadə çıxış edərək maliyyə hesabatının şəffaf və mükəmməl səviyyədə hazırlandığını vurğulayıblar. 2022-ci il üzrə maliyyə hesabatları İdarə Heyətinin üzvləri tərəfindən təsdiq olunub. YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov maliyyə hesabatlarının auditor rəyi ilə birlikdə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına təqdim ediləcəyini diqqətə çatdırıb.

Sonra Yeni Azərbaycan Partiyasının üzvlüyündən xaric edilməsi təklif olunan şəxslərlə bağlı YAP rayon (şəhər) təşkilatlarının təqdimatlarına baxılıb. YAP İdarə Heyətinin üzvləri Eldar İbrahimov, Amin İsmayılov, Rəşad Mahmudov, Mübariz Qurbanlı və Aynur Sofiyeva çıxış edərək məsələyə münasibət bildiriblər. 38 nəfərin müxtəlif səbəblərdən partiyanın nüfuzuna xələl gətirdiyinə görə YAP sıralarından xaric olunmasına dair qərar qəbul olunub.

Daha sonra partiyanın Gəncə şəhər təşkilatının sədri Ramil Orucovun səhhəti ilə əlaqədar tutduğu vəzifədən azad edilməsi barədə ərizəsinə baxılıb və müvafiq qərar qəbul edilib. YAP İdarə Heyətinin üzvləri Musa Quliyev və Eldar İbrahimov R.Orucova şəfa diləyərək partiyadakı fəaliyyətinə görə təşəkkürlərini bildiriblər.

Sonda YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri iclas iştirakçılarını qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, onlara möhkəm cansağlığı və işlərində uğurlar arzulayıb.

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir