Qardaşının sevgilisini qaçıran şəxsi öldürənlə bağlı qərar verildi

Kriminal


Ali Məhkəmədə Ağsuda tanışını qətlə yetirməkdə təqsirləndirilən Orxan Qaçayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az xəbər verir ki, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib. 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Qaçayev 11 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Şəki Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

Qeyd edək ki, hadisə 2021-ci ilin dekabrında Ağsu rayonunun Padarqışlaq kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü O.Qaçayev şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlıya xəsarətlər vuraraq qətlə yetirib.

M.Dərgahlı hadisədən əvvəl Padarqışlaq kəndinə qonaq gəlib.

O.Qaçayev barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məhkəmə istintaqı zamanı O.Qaçayev elan olunmuş ittihamla özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, ailə üzvləri ilə birlikdə Ağsu rayonu Padarqışlaq kəndində yaşamaqla atasının dayısı nəvəsi olan Məmmədkərim Dərgahlı ilə uşaqlıqdan münasibətləri yaxşı olub:

“5 oktyabr 2021-ci il tarixdə Məmmədkərim əmim Asifin qızı Aytac Qaçayevanı qaçırtdı. Daha sonra əmim və ailəsi Ağsu Rayon Polis Şöbəsinə müraciət etdi. Lakin Məmmədkərim Aytacı evinə qaytarmadı. Aytacın Məmmədkərimlə qaçmasını qızın xalası, mərhumun isə əmisi arvadı Xəyalə və onun əri İlyas təşkil etmişdi. Aytacı kiçik qardaşım Tural da sevirdi. Aytacın Məmmədkərimlə qaçmasında Xəyaləni günahlandıraraq bir neçə dəfə onunla mübahisə etdik. Buna görə Məmmədkərim bir neçə dəfə mənə və qardaşım Elxana zəng edərək əmisi arvadı Xəyaləni incitdiyimizə görə bizi hədələdi. 13 dekabr 2021-ci il tarixdə, saat 18 radələrində heyvanları otlaqdan evə gətirdim. Elxanla birlikdə evdə olanda Məmmədkərim Dərgahlının qardaşım Elxana tez-tez zəng etdiyini gördüm. Bu zaman telefonu Elxandan alaraq Məmmədkərimlə danışdım. Telefona cavab verən kimi Məmmədkərim mənə – “kəndə gəlmişəm, əgər kişisinizsə görüşək”, – dedi. Həmin vaxt telefonda bir-birimizə qarşı nalayiq ifadələr işlətdik.

Məmmədkərim görüşüb məsələni aydınlaşdırmaq üçün məni kənd ərazisində “Asfaltın kənarı” deyilən yerə dəvət etdi. Bundan sonra evdən çıxdım. Həmin vaxt qardaşım Elxan da mənimlə birlikdə evdən çıxdı. Elxana Məmmədkərimin evimizə hücum edə biləcəyini, buna görə evin yaxınlığında gözləməsini bildirdim.

“Asfaltın kənarı”na tərəf getdik. Oraya çatdıqda Məmmədkərimi görmədiyimə görə mobil telefonla zəng etdim. O, zəngə cavab vermədi və bir qədər sonra Məmmədkərimə zəng edərək oraya çatdığımı söylədim. Bir qədər sonra Məmmədkərimin İlyasın evi tərəfdən gəldiyini gördüm. Onlara tərəf qaçmağa başladım, çatar-çatmaz Məmmədkərim mənə yumruq atdı. Yumruqdan özümü qaçırdım, daha sonra şalvarın cibində olan bıçağı çıxarıb ona iki-üç dəfə zərbə endirdim. Həmin vaxt uzaqdan qadınların bizə doğru qaça-qaça gəldiklərini gördüm. Dərhal asfalt yola qaçaraq oradan uzaqlaşdım. Bir qədər getdikdən sonra bıçağı asfalt yolun kənarındakı dərəyə tulladım və arxa yolla yenidən yaşadığım evə gəldim. Evə çatdıqda orada olan qardaşlarım Turalla Elxanın da evdə olduğunu gördüm. Onlara Məmmədkərimi bıçaqla vurduğumu bildirdim. Bir qədər sonra Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları kəndə gəldilər. Paltarımı dəyişdikdən sonra polis əməkdaşları ilə birlikdə şöbəyə getdik”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir