“Azərbaycan-Ermənistan dövlət sərhədi delimitasiyası və demarkasiya olunmayıbsa, Ararat Mirzoyan hansı ərazilərin işğalından danışır?!”
Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
O vurğulayıb ki, Ermənistan heç vaxt beynəlxalq hüquqa hörmət etməyib və beynəlxalq təşkilatların çağırışlarına məhəl qoymayıb:
“İrəvan 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarından ordusunun qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və digər beynəlxalq təşkilatların çağırışlarına heç vaxt əməl etməyib. Azərbaycan məcbur olub öz gücü ilə döyüş meydanında torpaqlarını azad edib və dövlət başçılarının imzaları ilə təsdiq olunmuş üçtərəfli bəyanatlara əsasən sülh prosesinin tənzimlənməsinə sadiqdir. Ona görə də Azərbaycan 10 noyabrda imzalanmış Üçtərəfli Bəyanatın tələblərini yerinə yetirib, Ermənistandan da üzərinə götürdüyü öhdəliklərin icra etməsini tələb edir”.
Üçtərəfli Bəyanatın 4,6 və 9-cu bəndlərinin bu gün də icra olunmadığını deyən deputat söyləyib ki, buna baxmayaraq Ermənistanın XİN başçısı Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşdə utanmadan Azərbaycanı Üçtərəfli Bəyanatın tələblərini icra etməməkdə və Laçın-Xankəndi yolunu bağlamaqda günahlandırıb:
“Birinci onu qeyd etmək istəyirəm ki, Laçın-Xankəndi yolu heç vaxt bağlı olmayıb. Hər gün bu yolla humanitar yüklər daşınır, insanlar hərəkət edir. Təbii ki, Rusiya da bunu lap yaxşı bilir. Mirzoyanın açıqlaması isə axmaq sayıqlamadan başqa bir şey deyil. Azərbaycanı Ermənistanın ərazilərini işğal etməsində günahlandıran Mirzoyan niyə bu günə qədər işğal altında saxladıqları Naxçıvanın 1 və Qazaxın 7 kəndinin azad ediləcəyi barəsində heç nə demir?! Təbii ki, suallar çoxdur.
Mirzoyan 10 noyabr razılaşmasının icra olunmamış bəndlərinə görə Azərbaycanı ittiham edir. Lakin Azərbaycan Ermənistanı sözügedən bəyanatın tələblərini icra etməyə məcbur edəcək. Qarabağda səpələnmiş erməni hərbi tör-töküntüləri ərazilərimizdən çıxarılacaq, keçmiş qaçqınlarımız Xankəndiyə qaytarılacaq və Zəngəzur dəhlizi açılacaq. Bu tələblərin icrasına görə Paşinyan öhdəlik götürüb və biz həmin razılıqların icrasını tələb edəcəyik. Ermənilər yazıq sifəti alaraq beynəlxalq ictimaiyyəti öz yalanlarına inandırmağa çalışırlar. Bu, onların köhnə xasiyyətidir. Ancaq Azərbaycan haqq yolundadır və Ermənistanı da siyasi yolla olmasa, dəmir yumruqla haqq yoluna gətirəcək” -, A.Badamov vurğulayıb.
www.RIA24.az