“Yol terroru”nun piyada qurbanları: 3D formatlı zolaqlar qəzaların qarşısını ala bilər? – AÇIQLAMA + FOTO

Cəmiyyət


Statistikaya görə, piyada ölümü ilə nəticələnən avtomobil qəzalarının çox hissəsi günün qaranlıq saatlarında baş verir. Xüsusilə vurğulanmalı məqam isə yolların zəif işıqlandırılması və ya ümumiyyətlə işıqlandırılmayan yollarda baş verən qəzalardır. Mütəxəssislərin fikrincə, buna səbəb piyada zolaqlarının yaxşı işıqlandırılmaması, silinməsi və digər bu kimi səbəblərdir.

Bu gün paytaxt yollarında piyada zolaqları keyfiyyətsiz boyalarla rəngləndiyi üçün qısa müddət sonra artıq görünməz hala gəlir. Hətta bəzən nəinki sürücü, heç piyada da zolaqların yerini tapmaq da çətinlik çəkir. 

Bir çox ölkələrdə isə piyadalar üçün nəzərdə tutulan zolaqları silinməyən və işıq düşən zaman bərq vuran boyalardan istifadə etməklə çəkirlər. 

Bəzi ölkələrdə isə bu kimi problemlərin həlli üçün xeyli müddətdir 3D formatlı piyada zolaqları tətbiq olunur. Azərbaycanda ilk dəfə olaraq avtomobil yollarında 3D formatlı piyada zolaqları isə Naxçıvanın mərkəzi prospektlərindən biri – Heydər Əliyev prospektində çəkilib.

Paytaxt yollarında piyada keçidlərinin 3D formatında çəkilməsi qəzaların sayının azalmasına kömək ola bilər? Bu, həqiqətən effektiv vasitədir, yoxsa əlavə vaxt itkisi?

Məsələyə münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Oxu.Az-a açıqlamasında bildirib ki, eynisəviyyəli piyada keçidləri şəhərlər üçün çox önəmlidir:

“Xüsusilə düyməli işıqforlarla təchiz edilən keçidlər vacibdir. Amma 3D piyada keçidlərinin heç bir əhəmiyyəti yoxdur. Mən düşünürəm ki, bu, artıq xərcdir. Belə keçidlərin elə bir ciddi uğuru qeydə alınmayıb. 3D piyada zolaqları Hindistanda geniş yayılıb. Amma orada da yol hərəkəti təhlükəsizliyi çox aşağı səviyyədədir. İl ərzində 150 minə yaxın insan avtomobil qəzalarında həyatını itirir.

Daha mütərəqqi variant kimi Norveçin paytaxtı Oslonu misal çəkmək olar. 2019-cu ildə orada avtomobil qəzasında cəmi 1 sürücü həlak olub və orada heç bir 3D piyada zolağı yoxdur. Hər hansı bir nümunə tətbiq etmək lazım olduğunda daha inkişaf etmiş, yol hərəkəti təhlükəsizliyində yüksək nəticə göstərən ölkələrin modelinin ölkəmizdə yayılmasını təşviq etməliyik. Önəmli olan nüans piyada keçidinin eynisəviyyəli olmasıdır”.

Ekspert qeyd edir ki, piyada zolaqlarının çəkilməsində istifadə edilən boyaların keyfiyyəti və uzunömürlü olması çox önəmlidir:

“Bu zolaqlar uzaqdan sürücülər tərəfindən görüləcək qədər effektiv, görünən olmalıdır. Eyni zamanda qarşıda piyada keçidinin olduğunu göstərən yol nişanları da yerli-yerində və keyfiyyətli olmalıdır. Mütəmadi bu məqamlar yoxlanılmalı və yararsız olan məqamlar dərhal bərpa edilməlidir”.

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir