Ermənistanda Nikol Paşinyanın vəzifədən kənarlaşdırılması və üçtərəfli razılaşmalardan imtina edilməsi çağırışları səslənir. Paşinyan devrilirsə və ya özü hakimiyyəti tərk edərsə, bağlanmış müqavilələrə yenidən baxılması mümkündürmü?
Rusiya Avrasiya Kommunikasiya Mərkəzinin direktoru, tarixçi, Aleksey Pilko Media.Az-a bu məsələni şərh edib:
“Düşünmürəm ki, belə bir şey olar. Nikol Paşinyan siyasi arenadan getsə belə əldə olunmuş razılaşmalardan imtina edilməsi çətin ki, baş tutsun”.
Onun sözlərinə görə, Ermənistanda keçmiş müharibənin nəticələri hiddətlə müzakirə edilsə də, bütün bunlar elə söz-söhbət səviyyəsində qalacaq:
“Bunun hüquqi aspektlərə təsir etməsi mümkünsüzdür. Ermənistanın mövcud vəziyyəti təkbaşına hərbi yolla dəyişdirməyə cəhd etməsini təsəvvür etmək çətindir”.
Pilko qeyd edib ki, Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılaşmalar münaqişəyə son qoymağa və iqtisadi əməkdaşlıq yolu ilə məsələnin tam çözülməsinə əlverişli şərait yaratmağa imkan verib.