Prodüser Oqtay Əliyevin dəfn mərasimində bir sıra media işçilərinin narazılığa səbəb olan hərəkətləri günlərdir tənqid edilir.
Bəziləri jurnalistləri bu cür süjetlər hazırladıqlarına görə qınayırlar.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, professor Qulu Məhərrəmli bildirib ki, media üçün mövzu məhdudiyyəti yoxdur. Lakin jurnalistlər bu cür həssas məqamlarda peşəkar olmağı bacarmalıdırlar:
“Media üçün mövzu məhdudiyyəti, demək olar ki, yoxdur. Amma media bunu nə dərəcədə peşəkar işıqlandırır? Bax, bu problem var. Prinsipcə, media dəfndən də, hər hansı hadisədən də reportajlar verə bilər. Lakin bu gün xüsusilə gənc reportyorlarımız təcrübə və səriştə nümayiş etdirmirlər, problem bundadır. Ona görə bu məsələyə diqqət yetirmək lazımdır. Yas, dəfn mərasimi, qəza ekstremal vəziyyət sayılır. Bu səbəbdən belə hadisələri işıqlandırmağın çox incəlikləri var və bizim reportyorlar onları bilməlidirlər. Peşəkarlıq çatmır, problem budur. Təcrübəsizlik, işi bilməmək, sensasiya axtarmaq cəhdi var ki, bunlar hamısı jurnalistlərin zəhmətini yerə vurur və təəssüf ki, cəmiyyətdə çox pis təsəvvür yaradır. Redaksiyalar belə yerlərə göndərdikləri reportyorlara xüsusi təlimat verməlidirlər, redaktorlar onlara öz tövsiyələrini verməlidirlər ki, məsələn, qəbrin içini göstərmə və s. Biz ümumi məlumat veririk ki, bu gün filankəsin dəfn mərasimi olub. Ümumi ovqatı ifadə edən kadrlar olmalıdır, yoxsa birinin ürəyi gedir, biri qışqırır, o biri o tərəfdə yıxılır. Bu cür emosional, psixoloji durumlar oxucuya, tamaşaçıya informasiya vermir”.
Onun sözlərinə görə, bu tip mərasimlərə göndərilən reportyorlar öncədən redaktorları tərəfindən təlimatlandırılmalıdırlar:
“Bu cür tədbirlərdə dəxli olmayan suallar, lazımsız, yerinə düşməyən sorğular keçirmək olmaz. Bunlar hamısı yüksək peşəkarlıq, bilik və bacarıq tələb edir. Bu məsələlərə həmkarlarımız diqqət yetirməlidirlər.
Bunun üçün də öyrənmək, peşəkarlara baxmaq, dünya praktikasını incələmək lazımdır. Yoxsa “mən belə istəyirəm”, “kefim belə istəyir”lə iş aşmaz.
Bu gün jurnalistika sahəsində media savadlılığına çox böyük ehtiyac var. Əvvəllər treninqlər keçirir, öyrədirdilər, indi isə bəzən heç ixtisas sahibi olmurlar, peşənin ab-havasını duymurlar və onları birbaşa “ön cəbhə”yə – hadisə yerinə göndərəndə, mürəkkəb hadisələrin işıqlandırılmasına cəlb edəndə onlar ciddi səhvlərə yol verirlər. Ona görə redaksiyanın özünün bir siyasəti, nizamnaməsi olmalıdır. Orada bu hallar baş verdikdə necə davranmalı olduqları aydın izah edilməlidir”.
www.102info.az