Hər şeyin bütünləşdiyi ölkə: Vikinqlərin narkotik və homoseksuallığa qucaq açan vətənindən – REPORTAJ + FOTO

Dünya


“Səni görməyə də bilərdim. Zəng edirdim, səsini eşidir və deyirdim: Əzizim, əlin niyə belə soyuqdur?”

Təyyarə Yutlandiya adasında yerləşən, yeganə quru qonşusu Almaniya olan bir Skandinaviya ölkəsinə, dənizlərə hökmranlıq etmiş vikinqlərin vətəninə-Danimarka torpağına eniş edərkən pəncərədən çölə baxanda Anarın bu misrasını xatırladım. “Harry Potter”də ezackar görünən qar burada hələ onunla təmasa keçmədən canımı üşütmüşdü. Elə o an hesab etdim ki, Kopenhageni görməsəm də, olardı. Çünki həmin vaxt o soyuq əllərin ürəyimi isidəcəyindən şübhə edirdim. Amma şübhələrim əsassız çıxdı, təxminlərim özünü doğrultmadı. Bu gün də çəkdiyim şəkillər o istiliyin canımdan çıxmasına imkan vermir. Razıyam ki, qüsurlu gözəllik özünü sevdirməyin yolunu həmişə tapır. Qar da Danimarkanın ən gözəl “qüsuru”ydu.

Təəssüratlarıma detallı yer verməzdən əvvəl bildirim ki, Zelandiya, Amager, Falster, Lolland, Bornholm kimi bir sıra adaların sahibi olan bu ölkə şərqdə Baltik, qərbdə isə Şimal dənizi ilə əhatələnib. Hətta paytaxtı Kopenhagen də vaxtilə Zelandiya adasında inşa edilib. Bu gün Danimarka dövlətinin ərazisinə Farer adaları və vikinqlərin kəşf elədiyi, dünyanın ən böyük adası olan əfsanəvi Qrenlandiya da daxildir. Lakin hər iki ərazi muxtar vilayət statusundadır. Hətta 1948-ci ildən müdafiə və xarici siyasət məsələləri istisna olmaqla digər bütün dövlət məsələləri müstəqil həyata keçirildiyi üçün Farer adalarının öz bayrağı da mövcuddur.

Təxminən 5,4 milyon əhalisə olan Danimarka bu gün Avropanın ən inkişaf etmiş ölkələrindən biri statusundadır. Kopenhagen indiyədək gördüyüm ən füsunkar şəhərdir. Çünki küçələrində atdığım hər addımda inkişafın təntənəsi ilə qarşılaşdım. Şəhərin ən valehedici tərəfi bu müasirlik və inkişafın içində tarixi seyrətmə imkanının olmasıdır. Belə ki, danimarkalılar tarixi toz basmış kitab rəflərlərində yaşatmaq yerinə heykələ, binaya, gəmiyə, qayığa çevirib bizlərə göstərirlər. Çoxmərtəbəli binalar orada sizə qətiyyən beton yığını kimi görünmür. Şəhərin müxtəlif yerlərində vikingləri (mənə Ragnar Lotbroku – “Vikinglər” serialının baş qəhrəmanı) xatırladan detallar var. Məsələn, qatara və ya gəmiyə “Viking” adı verildiyini görə bilərsiniz. Əgər “Vikinglər” serialını izləmisinizsə, gördüyün hər yeni sima-sarı saçlı, mavi gözlü adamlar və qadınlar sizə bu torpaqların qədim sakinlərini, danimarkalıların əcdadlarını xatırladır. Sərt üz cizgiləri, yabanı görkəm və ya cazibədarlıq onları sizə sevdirir. İctimai nəqliyyatdan istifadə edənə, restorana və alış-veriş mərkəzinə daxil olanadək Kopenhagendəki gözəlliklər sizi sevgi küpünə çevirə bilir. Elə ki, olmazları etdiniz, artıq haqq gözünüz açılır, ultra bahalıq imkansız eşqin pəncəsindən sizi xilas edir, amma gözəlliyin inkarına vadar etmir.

Çünki burada uzunmüddət yaşamaq fikrinə düşsəniz, siz də digərləri kimi, qatar və avtobus yerinə velosipedə üstünlük verəcəksiniz. 5 milyon əhalisi olan Danimarkada, yəqin, bir 50 milyon velosiped olar deyə düşünürəm. Şəhərin hər küçəsində ayrıca velosiped zolağı və dayanacağı var. Hətta sırf velosiped sürmək üçün bir neçə il əvvəl ayrıca yol da inşa edilib. Burada 5 yaşında uşaq da, 75 yaşlı qoca da hər yerə velosipedlə gedir, küçədə hansısa dövlət məmurunun işə velosipedlə getdiyini də görə bilərsiniz. Əhalinin təxminən 80 faizi nəqliyyat növü kimi velosipedə üstünlük verdiyi üçün Danimarkada yol keçərkən sizi maşının yox, velosipedin vurmasından narahat olursunuz. Ekoloji təmizlik səbəbilə bu addımın atıldığı daha məntiqli görünsə də, fikrimcə, həm də metro və avtobus qiymətlərinin bahalığı insanları velosipeddən daha çox istifadəyə sövq edir. Ancaq onu da diqqətinizə çatdırım ki, Danimarkadakı bu bahalılığı turistlər kəskin şəkildə hiss etsə də, yerli əhalinin yaşamına elə də ciddi təsir göstərmir. Çünki danimarkalı dostlarımı dediyinə görə, orada saatı 14-15 avroya iş tapmaq mümkündür, bunun üçün sizdən ali təhsilinin olması tələb olunmur. Yəni ölkədə əməkhaqqı kifayət qədər yüksəkdir.

Kopenhagendə velosipedin əsas nəqliyyat vasitəsi olduğu yerlərdən biri də Azad şəhər Kristianiyadır (Freetown Christiania). Orada avtomobil istifadəsinə qəti şəkildə icazə verilmir. Kristianiya Danimarkada turistləri, xüsusilə də müsəlman ölkələrdəm olan turistlərini heyrətləndirmə potensialına görə, bəlkə də, birinci yerdə qərarlaşır. Hər il dünyanın fərqli yerlərindən yarım milyondan çox turist qəbul edir, elə ona görə də Kopenhagenin dördüncü ən böyük turistik məkanı hesab olunur. Kristianşavn bölgəsində yerləşən və təxminən 800-900 nəfər əhalisi olan anarxist kommunadır, özünün ayrıca bayrağı və valyutası var. 1976-cı ildə “Bifrost” rok qrupundan Tom Lunden yazdığı “Bizi öldürə bilməzsiniz” (I kan ikke slå os ihjel) etiraz mahnısı Kristianiyanın qeyri-rəsmi himnidir. Burada kiçik mağaza və kafelər fəaliyyət göstərir. Ancaq bu yeri fərqli edən sadaladıqlarımın heç biri deyil. Kristianiyanın “Pusher” küçəsi Danimarkada qeyri-qanuni olan anaşanın (narkotik maddə) açıq şəkildə ticarəti ilə məşhurdur. Oranı 1971-ci ildə jurnalist Jacob Ludvigsen açıb. Bir müddət sonra “Əsgərlərin qadağan edilmiş şəhəri” adlandırdığı bu yer haqqında məqalə yazıb və həmin məqaləni “Mülkilər hərbçilərin qadağan olunmuş şəhərini fəth etdilər” başlığı ilə yayımlayıb. Elə həmin dövrlərdən orada narkotik ticarəti ilə məşğul olublar. 1976-cı ildə Kristianiyaya qarşı hüquqi iş qaldırılıb və 1978-ci ildə Kristianiyanın dərhal təmizlənməli olduğuna qərar verilib. Növbəti dövrlərdə Kristianiyada xarici təzyiqlərlə yanaşı daxildə də narahatlıq artmağa başlayıb, çünki bir il ərzində buranın 10 sakini yüksək doza narkotik maddədən həyatını itirib. Uzun illər dövlətlə Kristianiya sakinləri arasında münasibətlər gərgin olub. Hətta 2016-cı ildə polis tərəfindən narkotik satışından qazanc əldə etdiyinə inanılan şəxs, saxlanıldıqdan sonra iki polis məmurunu və bir mülki vətəndaşı güllələyib. Qətllərin minimum səviyyədə olduğu Danimarka üçün bu böyük bir hadisə idi. Elə ona görə də hadisədən iki gün sonra Kristianiya icması “Pusher” küçəsindəki dükanları yığmağa qərar verib. Lakin müşahidəmə əsasən, hələ də açıq şəkildə ticarət həyata keçirilir. Hətta həmin əraziyə daxil olduqda “Şəkil çəkmək olmaz” lövhəsi ilə rastlaşırsınız. Həmin yerə çatanadək yuxarıda oxuduğunuz bütün məlumatlardan xəbərsiz idim. Sağlamlığa zərərli bütün vərdişlərə qarşı olan biri kimi oraya daxil olma səbəbim isə sadəcə jurnalist marağımın, bəlkə də, insanın təbiətən qadağalara olan marağının mənə güc gəlməsi idi. Küçəyə daxil olanda artıq həmin zərərli maddələri istifadə etməsəniz belə, ətrafı bürüyən qoxu sizi ciddi şəkildə narahat edir. Orada olarkən bir şeyin fərqinə varırsınız ki, ətrafda onlarla gənc həyatlarındakı problemlərsizlik səbəbilə özlərinə problem axtarırlar. Ötən 50 il ərzində dövlətin bu ərazini güc yolu ilə təmizləməmə səbəbi isə olduqca maraqlıdır. Belə ki, bu məsələyə fərqli yanaşmalar mövcuddur. Bəziləri hesab edir ki, anaşa ticarətinin bir yerdə cəmlənməsi onun ölkədə yayılmasının qarşısını alır, bəziləri isə hər yerdə olduğu kimi Kristianiyada da bu narkotik maddənin mütləq qadağan edilməli olduğu fikrini müdafiə edirlər. Hətta qadağa tərəfdarlarının bu gün Kristianiyaya gedən yolda ətrafdakı binaların divarlarında hazırladıqları şəkil və rəngli işarələr (“street art”) cəmiyyətin heroinə qarşı olduğunu açıq şəkildə göstərir. Ancaq bu hələ ki ticarətin sonlanması üçün yetərli görünmür. Qeyd edim ki, müxtəlif dövrlərdə bu “şəhər” film və mahnı mövzusuna da çevrilib.

Kopenhagendə fərqli hesab etdiyim, ancaq həm də müəyyən bir kəsim tərəfindən qəbuledilməz sayılacağına, bəlkə də, nifrətlə qarşılanacağına əmin olduğum ikinci bir məkan “Rainbow Square”dır. Şəhərin mərkəzi meydanı sayılan “City Hall Square”dan beş dəqiqəlik piyada məsafədə yerləşən Göyqurşağı meydanı 2014-cü ildə homoseksuallığın leqallaşmasının 25 illiyi münasibətilə belə adlandırılıb. Hazırda mərkəzində LGBT bayrağı dalğalanır. Onu da nəzərə çatdırım ki, Danimarka dünyada eyni cinsli cütlüklərin münasibətlərini qanuni olaraq tanıyan ilk ölkədir, bu addım 1989-cu ildə atılıb.

Kopenhagendə inancından, tolerant olub-olmamasından asılı olmayaraq hər kəsin gedib bəyənəcəyini düşündüyüm yer isə Yeni Limandır (Nyhavn Harbor). “Nyhavn” 1670-ci illərdə kral V Kristiyanın göstərişi ilə yaradılmış dənizçilər məhəlləsidir. Bir vaxtlar şəhərin ən nüfuzsuz məhəlləsi olan “Nyhavn” bu gün əzəməti ilə göz qamaşdırır. Məhəllə kərpic və taxtadan tikilmiş rəngli malikanələrlə bəzənib. Limanın cənub hissəsindəki həmin malikanələrin qarşısında çoxlu sayda təmtəraqlı kafe və restoranlar, caz klubları, tatu dükanları var. Buranın əsas müştəriləri də yerlilərdir, çünki normalda da turistlərin baha hesab etdiyi Danimarka yeməkləri burada ikiqat bahadır. Ona görə də turistlər əksərən “Nyhavn”da küçə yeməklərinə üstünlük verirlər, bələdçimizin dediyinə görə, Danimarkadakı ən dadlı “hot dog” məhz burada hazırlanır.

Liman boyunca 1885-ci ildən fəaliyyət göstərən üzən mayak “Fyrskib” daxil olmaqla bir çox muzey gəmisini də görmək mümkündür. Limanın sonunda isə İkinci Dünya müharibəsində həyatını itirmiş Danimarka dənizçilərinin xatirəsinə lövbər nümayiş olunur. Bu ecazkar yerdə ən maraqlı məşğuliyyət isə bir saatlıq qayıq turudur. Onu edərək həm binaların gözəlliyini və gəmiləri daha yaxından görürsünüz, həm də yeni Opera binasını və digər bir sıra memarlıq nümunələri ilə tanış olursunuz.

“Report” İnformasiya Agentliyi

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir