Qarabağdakı ermənilər Azərbaycanın həyatına qaynayıb-qarışmasalar… – ŞƏRH

Müharibə


Azərbaycanın dövlət olaraq Qarabağdakı erməni əhali ilə təmaslarının davamını gətirmək üçün Prezident Administrasiyası çağırış edib.

Azərbaycan Qarabağ erməniləri ilə müzakirələri 2020-ci ilin 10 noyabrından sonra başladıb, qapalı gedən bu prosesin açıq elan olunması vaxt apardı.

Keçən müddətdə təmaslar haqqında rəsmi məlumatların açıqlanmaması təhlükəsizlik və siyasi məsələlərlə əlaqədar idi.

10 Noyabr Bəyanatının 3-cü ili ərəfəsində, 2023-cü ilin martın 1-də Xocalıda Azərbaycan nümayəndələri ilə ermənilər arasında görüş keçirildi və bu, ilk dəfə rəsmi şəkildə elan edildi.

Bundan sonra iki dəfə Prezident Administrasiyası Qarabağ ermənilərini görüş üçün Bakıya dəvət etdi, lakin daşdan səs çıxdı, onlardan yox.

Qərb dairələri bu təmaslara qarşı deyil, Rusiya isə həmin müzakirələrin baş tutmasını əngəlləmək istəyir.

Qərb Qarabağdakı ermənilərin Azərbaycan dövlətinin hüquqi-siyasi çətiri altına və ictimai münasibətlər sisteminə inteqrasiyasının ona görə tərəfdarıdır ki, insan hüquqları məsələsi onun siyasətində qabaran hissələrdir.  

Hərçənd ki, bu inteqrasiyanın nəticə olaraq ermənilərə üstün imtiyazlar şəklində nəticələnməsində Qərb maraqlı kimi görünür, Bakı isə Qərbin tezislərinin bu hissəsinə qarşıdır.  

Rusiyanın ermənilərin inteqrasiyasını əngəlləmək istəyinə gəlincə, Moskva düşünür ki, inteqrasiya onun erməni kartı ilə oynamaq imkanlarını məhdudlaşdıracaq.

Ermənistan isə gah nala, gah da mıxa vurur, sıxışdırıldığını görəndə erməni əhalinin təhlükəsizliyini Azərbaycanın daxili işi kimi təsnif etmək siyasətinə gedir.

Elə ki vəziyyət bir az qarışır, Rusiya ilə Qərbin regionda toqquşan ambisiyaları üfüqlərdə parıldayır, Ermənistan da Qarabağla bağlı mövqeyini dəyişir.

Hərçənd ki, Ermənistan Azərbaycan üçün bu mövzuda tərəf-müqabil deyil. Bununla belə, Ermənistanda Qarabağın işğalına zəmin hazırlamaq üçün fantaziyalar da az deyil.

Azərbaycan belə qarışıq tabloda məcburən özünün hərbi qüdrətini və təhlükəsizlik yastıqlarını gücləndirir.

Qarabağdakı ermənilərin inteqrasiyası üçün atılan siyasi addımlar hüquqi mexanizmlərlə bərkidilə bilər, lakin vəziyyətin yoxuşa çəkilməsi Bakı üçün alternativ tətbiqləri şərtləndirir.

Çünki toqquşan strateji xətlər fonunda Qarabağ ermənilərinin Azərbaycan dövlətinə inteqrasiyasına mane olacaq qeyri-konstruktiv mövqelər daha aydın görünməyə başlayır.

Bu qeyri-konstruktivliyin bir ucunda Rusiya, digər ucunda Qərb, həmin uclar arasındakı hissəsində isə Ermənistan dayanır.

Azərbaycan Qarabağda açıq qalan məsələlərin həllində Qərblə Rusiyanın həndəvərində atılıb-düşən Ermənistana, təbii ki, məhəl qoymur. Çünki İrəvanın Qarabağa təsir imkanları yoxdur və məsələ artıq Ermənistanın həm xarici, həm də daxili siyasət gündəliyinin rəsmi hissələrindən çıxarılır.

İstənilən halda, Azərbaycan qeyri-müəyyənlik davam etdikcə Qarabağda qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsini hərb yolu ilə reallaşdıracaq. Paralel olaraq isə yenidən Qarabağdakı mülki ermənilərin qarşısında seçim qoyacaq: Ya onlar Azərbaycanın bayrağı altına keçməli, ya da ölkə ərazisini tərk etməlidirlər – hara gedəcəkləri o qədər də önəmli deyil.

Gec, ya da tez bu baş tutacaq, ya hərbi yolla, ya da siyasi ölçüləri olan hibrid üsullarla…

Aqşin Kərimov

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir