“44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün mühüm təşəbbüslərlə çıxış edir. Ermənistanla sülh sazişinin imzalanması təklifi də məhz bu məqsədə xidmət edir. Azərbaycan Vətən müharibəsində Ermənistanı məğlub etsə də, sülh sazişi imzalamaq təklifi dövlətimizin xoş niyyətinin göstəricisidir. Lakin məğlub Ermənistan hələ də qeyri-konstruktivliyini nümayiş etdirir. Son vaxtlar bölgədə ermənilərin törətdikləri təxribatlar bunu təsdiqləyir”.
Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib. Deputat bildirib ki, erməni tərəfi bölgədə təxribatlarını davam etdirməyə çalışır:
“Son günlər Azərbaycan Müdafiə Nazirliyi və XİN separatçıların Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına məhz sülhməramlıların müşayiəti ilə silah-sursat, mina daşımasının qəbuledilməz olduğu haqqında dəfələrlə xəbərdarlıq edib. Əfsuslar olsun ki, nə Ermənistan, nə də sülhməramlılar bu xəbərdarlıqlardan nəticə çıxarmayaraq öz əməllərini davam etdiriblər. Bu səbəbdən də martın 25-də Azərbaycan Ordusunun bölmələri Laçın yolunun şimalında torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən Azərbaycan ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısını almaq məqsədilə müvafiq nəzarət tədbirləri həyata keçirib. Nəzarət tədbirləri nəticəsində Azərbaycan Silahlı Qüvvələri Şuşa yaxınlığında bəzi torpaq yollarını nəzarətə götürüb. Hansı ki, bu yollarla Qarabağdakı erməni separatçılar silahlandırılırdı. Artıq həmin yollar şanlı ordumuzun nəzarətindədir”.
Millət vəkilinin sözlərinə görə, həm Ermənistan, həm də Qarabağın erməni separatçıları anlamalıdırlar ki, hansısa təxribatlarla heç nəyə nail ola bilməyəcəklər. Qalib və güclü Azərbaycan onların bütün təxribatlarına bundan sonra da qətiyyətlə cavab verəcək:
“Qarabağda yaşayan erməni sakinlərimiz separatçı rejimin əlində alət olmamalıdırlar. Onların Azərbaycan cəmiyyətinə inteqrasiyası zəruridir. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin Administrasiyası martın 1-də Xocalı şəhərində keçirilmiş görüşün və martın 13-də təqdim edilmiş dəvətin davamı olaraq Qarabağın erməni ictimaiyyətinin nümayəndələrinə reinteqrasiya, həmçinin Qarabağda infrastruktur layihələrinin icrası məsələlərinin müzakirəsi məqsədilə aprel ayının birinci həftəsi Bakı şəhərində görüşün keçirilməsini bir daha təklif edib. Dövlətimiz Qarabağ bölgəsində yaşayan erməniləri öz vətəndaşları hesab edir. Biz həmişə demişik ki, həmin ermənilər cəmiyyətimizə inteqrasiya olunmalıdırlar, Azərbaycan qanunları ilə yaşamalıdırlar və bu istiqamətdə ilk addımın atılması önəmlidir. Doğrudur, bu elə də asan məsələ deyil. Çünki Ermənistan 30 ilə yaxın torpaqlarımızı işğal altında saxlayıb. Bu illər ərzində minlərlə şəhid vermişik, çox ağrılı-acılı günlər yaşamışıq. Amma Azərbaycan sülhsevər dövlət, xalqımız da sülhsevər xalqdır. Ermənistanla əsas fərqimiz də məhz bundadır. Separatçı rejim erməni sakinlərlə görüşlərə əngəl olmamalıdır. Əks halda, yenə də lazımi dərslərini alacaqlar”.
Aysel Aslan
www.RIA24.az