Azərbaycanın Rusiyadakı səfiri Polad Bübüloğlu 20 Yanvar hadisəsi barədə danışıb.
Bu barədə “Vestnik Kavkaza” video təqdim edib.
“O dəhşətli gecədən – dinc əhalinin üzərinə ağır hərbi texnika, tanklar yürüdülməsindən, insanların atəşə tutulmasından, tankların hətta tibbi yardım maşınlarının üzərinə sürülməsindən 31 il keçir. Neçə il keçməsinə baxmayaraq, Azərbaycan xalqı bu faciəni unutmayacaq”, – deyə Bülbüloğlu bildirib.
Onun sözlərinə görə, bu faciənin ən dəhşətli tərəfi ondan ibarət idi ki, biz bir dövlətin vətəndaşları hesab edilirdik və hökumət öz vətəndaşlarının üzərinə tanklarla hücuma keçdi.
Bülbüloğlu baş verən hadisələrin Sovet hakimiyyəti dövründə yaşandığını bir daha xatırladıb.
“Bu, bizim xatirəmizdə qara ləkə kimi qalıb, amma müdrik Azərbaycan xalqı bu mərhələni keçib. Bu gün Azərbaycan sürətlə inkişaf edir. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibədə Azərbaycan möhtəşəm qələbə qazandı. Bu gün Qarabağ – Azərbaycandır! Şuşa isə Azərbaycanın mədəniyyət mərkəzidir!”, – deyə o qeyd edib.