Bakı şəhəri, Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə direktorun işçini təhsil müəssisəsinə buraxmadığı iddia edilib.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
İddiada bildirilib ki, məktəbin direktoru Almaz Həsrət qapıları bağlatdırıb və təsərrüfat işləri üzrə müavinini içəri daxil olmağa icazə verməyib.
3 nömrəli tam orta məktəbdən Oxu.Az-a bildirilib ki, sosial şəbəkədə yayılan videogörüntü martın 13-də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmiş keçmiş təsərrüfat müdiri tərəfindən çəkilib:
“İşdən azad edilməsinə baxmayaraq, həmin şəxs davamlı olaraq zorla məktəbə daxil olur, təhsil müəssisəsinin iş ahəngini pozur. Hər dəfə xəbərdarlıq edilsə də, müxtəlif təhdidlərlə məktəb rəhbərliyinə hədə-qorxu gəlir. Bununla bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib.
Qeyd edək ki, keçmiş təsərrüfat müdirinin məktəbin fəaliyyətinə ciddi maneə yaradan əməllərindən (siqnalizasiya, istilik, işıq sisteminə müdaxilə edir, yerə su tökür və s.) narahat olduğumuz üçün mühafizəçiyə onun məktəbə daxil olmasına icazə verilməməsi tövsiyə olunub.
Bu kimi hallardan dərin təəssüfümüzü ifadə edir, məktəbin normal iş ahənginin qorunması üçün bütün qanunauyğun tədbirlərin görülməsi diqqət mərkəzində saxlanılır”.
Qeyd edək ki, ötən il sosial şəbəkələrdə Binəqədi rayonu Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbin direktorunun təsərrüfat işləri üzrə müavini İsmət Yusifovanın orta təhsilinin belə olmaması ilə bağlı xəbərlər yayılmışdı.
Məktəbin direktoru Almaz Həsrətova iddia etmişdi ki, o, İsmət Yusifovanı vəzifəsindən azad etmək istəsə də, Bakı Şəhəri üzrə Təhsil İdarəsi bununla bağlı heç bir addım atmır.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, işəgötürmə də, işdən azadetmə də direktorun səlahiyyətindədir.
Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib. 2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb.
İlhamə Əbülfət
www.102info.az