Yanvarın 20-də saat 14 radələrində Ağsu rayonu, Qaraqoyunlu kənd sakini Hacıyev Mürvət Zabit oğluna odlu silahdan açılan atəşlə çoxsaylı bədən xəsarətlərinin yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağsu rayon prokurorluğundan daxil olan xəbərə görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1968-ci il təvəllüdlü Hacıyev Qaya Seyidəhməd oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Mürvət Hacıyevi qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
Qaya Hacıyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.