“Aprel döyüşlərinin hərbi-siyasi əhəmiyyəti Vətən müharibəsində özünü göstərdi” – ŞƏRH + FOTO

Müharibə


“2016-cı ildə baş verən dördgünlük müharibə – Aprel döyüşləri Vətən müharibəsinin ilkin məşqləri idi”.

Bu sözləri Oxu.Az-a Aprel döyüşlərinin siyasi və hərbi əhəmiyyəti haqqında danışarkən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib. O qeyd edib ki, Aprel döyüşləri zamanı Birinci Qarabağ müharibəsindən uzun müddət sonra ilk dəfə bir neçə günlük müharibə aparıldı, ermənilərin təxribatı nəticəsində keçmiş cəbhə xətti boyunca lokal döyüşlər getdi:

“Döyüşlərin nəticəsi olaraq, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin, Lələtəpə yüksəkliyinin azad edilməsi rezonans doğurdu. Həmin dövrdə insanlarımızda Ordumuza olan rəğbət və inam daha da artdı, ruh yüksəkliyi yarandı ki, hərbçilərimizin rəşadəti, texnikamızın gücü sayəsində müharibə yolu ilə torpaqlarımızı işğaldan azad edə bilərik. Cocuq Mərcanlının azadlığına qovuşması Birinci Qarabağ müharibəsindən sonra ilk belə sevindirici xəbər idi. Biz hər zaman sülh tərəfdarı olsaq da, Aprel döyüşləri göstərdi ki, müharibə ilə də məsələni həll edə bilərik.

Savaşın 4-cü günündə Ermənistana havadarlıq edən qüvvələrin aktivləşməsi və müdaxiləsi nəticəsində Aprel döyüşləri dayandırıldı. Hər zaman olduğu kimi, dünya haqq səsimizə dəstək göstərmədi, ikili standartlar nümayiş etdirildi.

Bütün bunlara baxmayaraq, Ordumuz gücünü toplamağa davam edirdi. Ordu ilə xalqın birliyi nəticə etibarı ilə Vətən müharibəsində əzəmətli və möhtəşəm Zəfərimizə gətirib çıxardı. Ona görə qətiyyətlə qeyd edə bilərik ki, Aprel döyüşləri Azərbaycanın hərb tarixində xüsusi yeri və çəkisi olan dönəmdir”.

Komitə sədri erməni baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın bu günlərdə gündəm olan etirafını da xatırladıb. Ziyafət Əsgərov Ermənistan ordusunun Azərbaycan qarşısında darmadağın olduğunu və bunu Ermənistan rəhbərliyinin də artıq etiraf etdiyini deyib:

“Anna Akopyan ermənilərin fərariliyi haqqında açıqlama verib. O qeyd edir ki, Vətən müharibəsi zamanı 11 min erməni fərari olub. Biz bu faktları qeyd edəndə buna inanmayanlar olurdu. Amma indi erməni rəhbərliyi özü bunu etiraf etməyə məcbur olub. Onlar Azərbaycan Ordusu qarşısında duruş gətirə bilmədiklərini boyunlarına alırlar. Ermənistan başa düşməlidir ki, Azərbaycana qarşı bir daha ərazi iddialarına qapılsa, hücum etmək istəsə, bu dəfə artıq 11 min deyil, yüz minlərlə erməni hətta ölkəni tərk edə bilər. Ermənistan ordusunun döyüş qabiliyyəti, onsuz da, yox idi, Vətən müharibəsində isə birdəfəlik onların beli sındı. Orduya və dövlətə inamsızlıq, Ermənistan cəmiyyətində ruh düşkünlüyü pik həddədir. Biz isə öz üstünlüyümüzü qoruyuruq və uzun illər regionda aparıcı ölkə olaraq, mövqeyimizi möhkəmləndirəcəyik. 

Bir daha qeyd edirəm, Azərbaycanın son dövrlərdə döyüş meydanında qazandığı uğurlarda Aprel döyüşlərinin payı yüksəkdir. Biz bu dördgünlük müharibəni tarix dərsliklərində, hərbi-elmi materiallarda dönə-dönə qeyd etməliyik ki, qələbələrimiz üçün əhəmiyyətli olan bu hadisələr gənc nəslin yaddaşında daim qalsın.

Bütün şəhidlərimizə isə Allahdan rəhmət diləyirəm”.

Xatırladaq ki, dördgünlük müharibə olaraq da adlandırılan Aprel döyüşləri 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayıb. Aprel döyüşləri Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnib, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub.

5 apreldə hər iki tərəfin razılığı və beynəlxalq qurumların müşahidəsi ilə yenidən atəş dayandırılıb.

Aysel Aslan

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir