Ali Məhkəmədə Bakıda vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə və vəzifə saxtakarlığında təqsirləndirilən Könül Sultanovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, hökm tamamilə ləğv edilib, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə K.Sultanovaya 3 min manat məbləğində cərimə kəsilib. Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.
Qeyd: K.Sultanova 2021-ci ildə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb.
“Aparılan istintaqla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin 15 saylı şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasının üzvləri Mehparə Məmmədova və K.Sultanovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək fəaliyyət göstərdikləri, komissiyaya müraciət edən şəxslərə əlillik dərəcəsinin verilməsinə nail olmaq məqsədi ilə onların xəstəlikləri barədə məlumatları bilərəkdən ağırlaşdırıb təhrif edilən formada rəsmi elektron informasiya resursuna daxil etmələrinə, bununla da dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmalarına əsaslı şübhələr müəyyən olunub”, – deyə Baş Prokurorluğun məlumatında bildirilirdi.
Hər iki vəzifəli şəxs Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, cinayət işləri aidiyyəti üzrə məhkəməyə göndərilib.
M.Məmmədovanın cinayət işi ayrıca icraata alınıb.
www.102info.az