Kubra Məhərrəmova yazır…
İcazənizlə bildirim ki, dövlətin uşaqlar üçün təlim-tərbiyə müəssisələrində rəhbər kimi çalışan və yetim-yesir haqqını yeməyən rəhbərin olmasına inanmıram! Sadəcə olaraq az və ya çox yeyəni var.
Dəfələrlə xeyriyyə işlərində iştirak edənlərin bir qaydası var. Gətirdiklərini uşaqların yediklərindən əmin olduqdan sonra uşaq evlərini tərk edirlər. Məsələn evdə yemək bişirib-gətirirlər, düzürlər uşaqların qarşısına. Özləri də otururlar ki, uşaqlar yesin. Bilirlər ki, gətirdiklərini həmin uşaq evlərinin mətbəxinə qoymaqla həmin müəssisənin müdirinin evinə qoymaq arasında çox da fərq yoxdur, çırpışdırıb gətirilən sovqatları aparacaqlar. Adam tanıyıram dövlət bağçasında müdir işləməklə özünə ev, maşın, bağ alıb. Hələ iki uşaq da böyüdüb yerbəyer edib. İndi nəvələri üçün gün ağlayır.
Bir nəfər də yoxdur cürət edib soruşsun ki, ay müəllimə, bunu necə etmisən? Çünki “müəllimə”nin ya “yuxarıda” adamı var deyə ona heç kim baş qoşmaq istəmir, ya da düşünürlər ki, sabah-birigün bu bağçaya elə öz uşağımızı qəbula gətirəndə “müəllimə” “yerimiz yoxdur” deyib onlara yuxarıdan (söhbət bağçaya uşaq yerləşdirərkən alınan qeyri-rəsmi pullardan gedir) dəm vurmasın.
İndi hər aldığından “yuxarıya” nə verir, nə vermir, bunu bir “yuxarıdakı” bilir, bir də Allah. Allaha da qurban olum, bu yetim-yesirin haqqını yeyənlərə də bir şey eləmir ki, deyək, şükür Allaha.
Bu hələ bircə dövlət bağçasının direktorunun illik “abarotu”dur. İndi bunun məktəbini düşünün, internat evini düşünün… “Qayınana” filmində Nəsibə Zeynalovanın dediyi kimi: “Gəl-gör Cənnətinin nə cəlalı var?!”
Vallah ki, var, billah ki, var!
Hamısının əli zorbalı. Heç birinə də söz demək olmur. Adamı “dəli”edib göndərirlər xəstəxanaya.
Artıq neçə gündür ki, bir uşaq qalıb ortalıqda.
Yeniyetmə 3 saylı uşaq evində baş verən hadisələrlə bağlı şikayət eləmişdi. Məncə o videonu görməyən olmayıb. Hadisələrin davamını da bilirsiniz, dedilər uşaq xəstədir. Qardaşı da dedi ki, onun davranış pozuntusu var və müalicə olunması üçün 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında müalicə olunması tələb olunur.
Uzun sözün qısası, uşağın üstünə “dəli” adı qoyub göndərdilər xəstəxanaya.
Başına döndüyüm 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov da bildirdi ki, bəs yeniyetmə ruhi xəstə deyil. Aparın uşağı buradan. Bir gecənin içində nə baş versidə, səhər xəbər çıxdı ki, baş həkim işdən çıxarılıb. Həkim yenə də bildirdi ki, “Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burada nə var ki? Onun haqqında dediklərimi yenə də təkrarlaya bilərəm”.
Həkim işdən azad edilmisiniz sualına isə bu cavabı verib: “Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşasınız. Bu barədə mən danışmaq istəmirəm”.
Amma nazirlik iddia edir ki, həkimi yaş həddi keçdiyinə görə vəzifəsindən azad etmişik. Nə gözəl, nə qəşəng. Amma bu məsələ ilə bağlı ictimaiyyətdə çox məntiqli sual yaranır. Niyə 3 saylı uşaq evinin müdiri yaş həddinə görə işdən çıxarılmır? Yoxsa “otrabotka” üçün saat hesabı var?
Axır bu “müəllimə” kimdirsə yaman “güclü müəllimə”dir, tank kimi qabağına çıxanı əzib keçir. Amma sabah əsgər aparmağa gələndə birinci elə bu gün üstünə “dəli” adı qoyduqları uşaqları aparacaqlar. O “müəllimə” isə yenə də maşın-maşın ərzaqları evinə daşıyacaq, baş həkimləri işdən çıxartdıracaq və s.
Ataların dediyi yetimin malını yeyənin burnundan gələcək məsəli görünür artıq işləmir. Yeyirlər də, içirlər də, uşaqları da, özləri də şad xürrəm. Nə olursa elə yetimə, yesirə olur. Haqqı da yeyilir, adı da. Bu məmləkətdə bir uşaq evinin direktorunu görmədik ki, əliəyri olmasın.
www.102info.az