“Seçildiyim müddətdən bəri dəfələrlə Azərbaycanda səfərdə olmuşam. İndi isə ilk dəfədir ki, mən Ermənistanın işğalı altında olduğu müddətdə burada törədilmiş dağıntıları görmək üçün azad olunmuş ərazilərə səfər edirəm. Bu gözəl yerlərə insanlar geri dönə bilsinlər deyə yenidənqurma və bərpa məqsədilə genişmiqyaslı işlər görülür”.
Bunu Ağdamda səfərdə olan Böyük Britaniya İcmalar Palatasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Bob Bləkmən APA-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, hər kəs buraya qayıtmaq, öz Vətəninə dönmək istəyir:
“Onların ailələri burada yaşayıblar, bu insanlar öz köklərinə geri dönmək istəyirlər”.
Britaniyalı parlamentari qeyd edib ki, mina məsələsi bu ərazilərdə ciddi problemdir və minaların təmizlənməsi ilə bağlı böyük işlər görülür:
“Bundan başqa, yeni yolların, dəmiryol xətlərinin çəkilməsi istiqamətində fantastik işlər görülür. Ətrafa baxırıq, hər tərəf bu illər ərzində, 30 il müddətində dağıdılıb, hər yerdə dağıntıların izləri var. Baxmayaraq ki, burada hərbi əməliyyatlar baş verib, ancaq demək olar ki, hər bir ev ayrı-ayrılıqda dağıdılıb, sökülüb, onların materialları götürülüb. Siz bu ərazilərin daha əvvəlki fotolarında mühiti, binaları görə bilərsiniz, insanlar burada yaşamağı sevirdilər. Və mən əhalinin yenidən geri dönmək istəyinə təəccüblənmirəm”.
Bob Bləkmən əlavə edib ki, burada yaşayışın tam təmin olunması, kənd təsərrüfatının qurulması müəyyən zaman alacaq:
“Eyni zamanda, azad olunmuş ərazilərdə indiyə qədər əldə olunan nailiyyətlər fantastikdir, məktəblərin tikintisi, yolların çəkilməsi və sair”.
Britaniyalı deputat mədəni-dini obyektlərin də tamamilə dağıdıldığını vurğulayıb.
www.RIA24.az