Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti: “Məqsədimiz Bakıda çempion olmaqdır”

Siyasət


“Qrupumuzda güclü rəqiblər, dəfələrlə çempion olan komandalar var. Biz bu turnirə son Avropa çempionu olaraq qatılırıq. Ümummilli lider Heydər Əliyevin adını, doğma meydan amilini nəzərə alsaq, məqsədimiz çempion olmaqdır”.

“Report”un məlumatına görə, bunları Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq Minifutbol turnirinin püşkatma mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

Federasiya rəhbəri bildirib ki, qarşıda duran əsas vəzifə isə yığmaya cəlb olunan yeni oyunçulara şans vermək, 2024-cü ildə keçiriləcək dünya çempionatına hazırlaşmaqdır:

“Bu, ilk növbədə dostluq və yoldaşlıq turniridir. Burada həm qonşu, həm dost-qardaş ölkələr iştirak edəcək. İnanırıq ki, oyunlar mehriban mühitdə keçiriləcək və yaddaşlarda qalacaq”.

O.Məmmədov milli komandaya yeni oyunçu seçimi məsələsinə də aydınlıq gətirib:

“Bununla baş məşqçi məşğul olur. Bilirsiniz ki, bir müddətdir ölkə çempionatı keçirilir. Orada çox böyük rəqabət, komandalarda yeni simalar var. Fikrimcə, məşqçinin işi heç də asan olmayacaq. Çünki milli komandaya namizəd kifayət qədər çox futbolçu var. Karyerasını başa vuran futbolçuların yığmaya cəlb olunması məsələsinə gəlincə, mən hələlik belə oyunçu görmürəm”.

Fəxri prezident Bakıda beynəlxalq standartlara cavab verən yeni minifutbol meydançasının inşa olunacağını vurğulayıb:

“Avropa çempionu olduqdan sonra burada böyük meydançanın olmasının labüdlüyünü nəzərə aldıq. Ölkəmizdə, xüsusilə Bakıda çoxlu sayda minifutbol meydançası var. Böyükmiqyaslı turnirlərin keçirilməsi üçün beynəlxalq standartlara cavab verən yeni meydança ilə bağlı layihə hazırladıq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə işləyirik, artıq sənədləri təqdim etmişik. Amma hələlik yerini müəyyənləşdirməmişik. Hesab edirəm ki, qısa zamanda bununla bağlı açıqlama yayacağıq”.

Eyni zamanda “Zirə”nin fəxri prezidenti olan O.Məmmədov komandanın cari mövsümdəki çıxışını dəyərləndirib:

“Hər il yüksək yerlər uğrunda mübarizə aparırıq. Məqsədimiz ən azı avrokuboklarda iştirakdır. Düşünürəm ki, ötən il uğurlu mövsüm keçirdik, çempionatda 3-cü yeri tutduq, ölkə kubokunda isə final oynadıq. Bu mövsümə gəlincə, avrokuboklara çıxmaq şansımız var. Bildiyiniz kimi, “Qəbələ” əsas rəqibimizdir. Yeri gəlmişkən, bu gün həmin komanda ilə oynayırıq. İnanırıq ki, yekunda avrokuboklara vəsiqə qazanacağıq”.

Onun sözlərinə görə, komandadan razılıq və ya narazılıq mövsümün sonunda olur:

“Bu gün mən komandadan razıyam. Azərbaycan futbolunda rəqabət böyükdür. Eyni zamanda, klubların maliyyə durumu fərqlidir. Turnir cədvəlinə baxsaq, görərik ki, “Qarabağ” və “Neftçi” ilə tam rəqabət apara bilmərik. Bu mövsüm 3-4-cü yerlər uğrunda mübarizə aparırıq və vəziyyətimiz qənaətbəxşdir”.

 

www.RIA24.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir