Milli Məclisin bu gün keçirilən plenar iclasında “Elektroenergetika haqqında” yeni qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
“Report”un xəbərinə görə, layihə energetika sahəsində rəqabətli mühit yaradacaq.
Layihəyə əsasən, elektroenergetika subyektləri topdansatış bazarında elektrik enerjisini sata və ala, habelə onunla bağlı xidmətlər göstərə və əldə edə bilərlər. Təchizatçı pərakəndə satış bazarı qaydalarına uyğun olaraq pərakəndə satış bazarında elektrik enerjisi istehlakçılarına elektrik enerjisi sata bilər.
Elektrik enerjisi bazarının subyektləri elektrik enerjisi istehsalçıları, ötürücü sistem operatoru, paylayıcı sistem operatoru, qapalı paylayıcı şəbəkə operatoru, bazar operatoru, təchizatçı (topdan və pərakəndə satış üzrə), istehlakçılardır.
Elektrik enerjisi istehsalçıları və təchizatçıları elektrik enerjisinin idxalı və ya ixracına icazə alaraq Azərbaycanın ikitərəfli və ya çoxtərəfli beynəlxalq müqavilələri əsasında regional elektrik enerjisi bazarlarında iştirak etmək hüququna malikdirlər. Elektrik enerjisinin idxalı və ya ixracı topdansatıș bazarı qaydaları ilə tənzimlənir:
– elektroenergetika sektorunu tənzimləyən normativ hüquqi aktların və normativ xarakterli aktların tələblərinə riayət etmək;
– elektrik enerjisinin spot ticarətini (qısamüddətli) təşkil etmək;
– elektrik enerjisinin ortamüddətli (həftə, ay) və uzunmüddətli (rüb, il) dövrlər üçün mərkəzləşdirilmiş ticarətini təşkil etmək;
– topdansatış bazarı subyektlərinin elektrik enerjisinin mərkəzləşdirilmiş bazarına girişini təmin etmək;
– topdansatış bazarı subyektlərini qiymətlər (tariflər) haqqında, topdansatış bazarı qaydaları və balanslaşdırma qaydaları ilə müəyyən olunan digər məlumatlarla təmin etmək;
– bu Qanuna, elektrik şəbəkəsinə dair qaydalara, bazar qaydalarına və balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatorunun mərkəzi operativ-dispetçer xidmətinin ixtisaslaşmış bölməsi ilə qarşılıqlı əlaqədə elektrik enerjisinin topdansatış bazarını təşkil və idarə etmək;
– topdansatış bazarı qaydaları və balanslaşdırma qaydalarına uyğun olaraq topdansatış bazarında elektrik enerjisi qiymətlərinin formalaşmasını təmin etmək;
– topdansatış bazarı subyektlərinin bağladıqları elektrik enerjisinin alqı-satqı müqavilələri əsasında gündəlik tələb-təklif qrafiklərini qeydiyyata almaq, yoxlamaq və bu qrafiklərin vaxtlı-vaxtında ötürücü sistem operatoruna təqdim edilməsini təmin etmək;
– balanslaşdırma qaydalarına uyğun olaraq balanslaşdırıcı bazarın işinin təşkili ilə bağlı, habelə həmin qaydalara və kommersiya uçotu qaydalarına uyğun olaraq topdansatış bazarı subyektlərinin tələb və təkliflərinin faktiki həcminin müəyyən edilməsi və elektrik enerjisinin topdansatış bazarının balansının tərtib edilməsi məqsədilə ötürücü sistem operatoru ilə əməkdaşlıq etmək;
– topdansatış bazarı subyektləri arasında bağlanılan müqavilələrin və müqavilə öhdəliklərinin qeydiyyatını aparmaq və bazar əməliyyatlarının sxemini tərtib etmək;
– topdansatış bazarının fəaliyyəti barədə məlumatları topdansatış bazarı qaydaları ilə müəyyən olunan qaydada dərc etmək;
– öz fəaliyyəti və topdansatış bazarının fəaliyyəti barədə topdansatış bazarı qaydaları ilə müəyyən edilən hesabatları və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və tənzimləyiciyə təqdim etmək.
Bazar operatoru elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, paylanması və təchizatı fəaliyyətləri ilə məşğul ola bilməz.
Elektroenergetika subyektlərinin idarəetmə və ya qərar qəbuletmə prosesində iştirak edən şəxslər bazar operatorunun müstəqilliyini təmin etmək məqsədi ilə onun idarə olunmasında və topdansatış bazarının fəaliyyətinin təşkili funksiyasının həyata keçirilməsində iştirak etməməlidirlər.
Elektrik enerjisinin topdansatış bazarının fəaliyyətinin təşkilinin əsas prinsipləri aşağıdakılardır:
– topdansatış bazarı subyektlərinin topdansatış bazarına ayrı-seçkiliyə yol verilmədən çıxışı;
– topdansatış bazarı subyektlərinin sərbəst qarşılıqlı əlaqələrinin təmin edilməsi;
– alıcı və satıcıların qiymət təklifləri əsasında elektrik enerjisinin bazar qiymətinin formalaşması;
– topdansatış bazarı subyektlərinin müqavilə öhdəliklərinə riayət etməsi.
Elektrik enerjisinin topdansatış bazarı ikitərəfli müqavilələr, mərkəzləşdirilmiş, balanslaşdırıcı və köməkçi xidmətlər bazarlarından ibarətdir.
İkitərəfli müqavilələr bazarında elektrik enerjisinin alqı-satqısı ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Ikitərəfli müqavilə ilə elektrik enerjisinin alqı-satqısı müddəti (ən azı altı ay olmaqla) topdansatış bazarı qaydaları ilə müəyyən olunan maksimal müddətdən çox olmamalıdır. İkitərəfli müqavilədə satılan elektrik enerjisinin həcmi, qiyməti, satış müddəti, ödəniş qaydası və tərəflərin hüquqları və vəzifələri göstərilməlidir. İkitərəfli müqavilə bağlayan elektrik enerjisi bazarının subyektləri topdansatış bazarı qaydalarında nəzərdə tutulmuş müddətdə bazar operatorunu ikitərəfli müqavilə üzrə qeydə alınmış elektrik enerjisinin həcmləri barədə məlumatlandırır.
Balanslaşdırma qaydalarına uyğun olaraq, ötürücü sistem operatoru balanslaşdırıcı bazarda elektroenergetika sisteminin balanslaşdırılması məqsədilə elektrik enerjisinin istehsalçıları ilə elektrik enerjisinin alqı-satqısını, topdansatış bazarı subyektlərinin elektrik enerjisinin qeyri-balansının alqı-satqısını həyata keçirir.
Elektrik enerjisinin istehsalçıları ötürücü sistem operatoru ilə bağlanılmış müqavilə əsasında balanslaşdırıcı bazarda iştirak etməli, habelə sərbəst (müqavilə bağlanılmamış) güclər üzrə balanslaşdırıcı elektrik enerjisi haqqında təkliflərini ötürücü sistem operatoruna təqdim etməlidirlər. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçılarının balanslaşdırmada iştirakı “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun ilə tənzimlənir. Topdansatış bazarının subyektləri elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün ötürücü sistem operatoru ilə bağlanılmış müqavilə əsasında balanslaşdırıcı bazarda iştirak etməli və balanslaşdırma məsuliyyətini sərbəst şəkildə, yaxud balanslaşdırıcı qrup çərçivəsində daşımalıdırlar.
Balanslaşdırıcı qrup elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında balanslaşdırma qrupunun yaradılması haqqında müqavilə əsasında yaradılır və həmin müqavilə ilə müəyyən edilmiş qaydada balanslaşdırıcı qrupun hər bir iştirakçısı balanslaşdırma məsuliyyəti daşıyır. Topdansatış bazarının subyektləri balanslaşdırma qaydalarında nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq müqavilə münasibətləri əsasında balanslaşdırıcı qruplarda könüllü birləşmək hüququna malikdirlər. Ötürücü sistem operatoru balanslaşdırıcı bazarın fəaliyyətinə dair balanslaşdırma qaydaları ilə müəyyən edilən hesabat və məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana və tənzimləyiciyə təqdim edir.
Elektrik enerjisi təminatının etibarlılığının və elektrik enerjisinin keyfiyyətinin artırılması məqsədilə topdansatış bazarının subyektləri ötürücü sistem operatoruna elektroenergetika sisteminin tezliyinin və gücünün, gərginlik və reaktiv enerjinin tənzimlənməsi, sistem qəzalarından sonra elektroenergetika sisteminin fəaliyyətinin bərpası və ehtiyat gücün saxlanılması üzrə köməkçi xidmətləri göstərirlər.
Köməkçi xidmətlərin göstərilməsinə dair tələblər elektrik şəbəkəsinə dair qaydalarda müəyyən olunur. Köməkçi xidmətlərin göstərilməsi müddəti və qaydaları, onların qiymətlərinin müəyyən olunması və ödənişlərin (xidmətlər ödənişli əsaslarla aparıldığı hallarda) həyata keçirilməsi qaydası balanslaşdırma qaydaları ilə müəyyən olunur.
Elektrik enerjisinin pərakəndə satış bazarında təchizatçı elektrik enerjisinin təchizatının icazə əsasında, elektrik enerjisinin təchizatının bu Qanuna və pərakəndə satış bazarı qaydalarına uyğun, elektrik enerjisinin təchizatının istehlakçılarla bağlanılmış müqavilələr əsasında həyata keçirilməsi əsasında fəaliyyət göstərir.
Təchizatçı ilə elektrik enerjisinin təchizatı müqaviləsi bağlayan istehlakçının elektrik enerjisi ilə təchizatı həmin təchizatçı ilə ötürücü sistem operatoru və ya paylayıcı sistem operatoru arasında bağlanılmış müqavilə əsasında həyata keçiriləcək.
Yeni qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
www.102info.az