Ölkə ərazisində qar-su ehtiyatlarının müəyyənləşdirilməsi və aprel, may, iyun aylarında (yaz-yay gursululuq dövründə) çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədi ilə Milli Hidrometeorologiya Xidmətinin və Naxçıvan MR Hidrometeorologiya İdarəsinin mütəxəssis-hidroloqları tərəfindən ölkənin yüksək dağlıq ərazilərində aparılan qarölçmə işləri başa çatıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.
Xidmətin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində 36 marşrut üzrə aparılan qarölçmələr zamanı hər bir marşrut üzrə qar örtüyünün hündürlüyü, çəkisi təyin edildikdən sonra qarın sıxlığı və sululuğu müəyyən olunub.
Qarölçmə işlərinin nəticələrinə əsasən, bu il qar ehtiyatı normadan və ötən illə müqayisədə az olub.
A.Verdiyevin sözlərinə görə, aparılan kompleks təhlillərə, o cümlədən qarda olan sululuğa və yaz dövründə gözlənilən hidrometeoroloji şəraitə əsasən, bu ilin yaz-yay gursululuq dövründə (aprel-iyun) çaylarda sululuğun normadan aşağı olacağı gözlənilir.
www.102info.az