“Onun dahiliyini təsdiq edən ən tutarlı fakt müsəlman cəmiyyətlərinin əsas xəstəliyinə qoyduğu düzgün diaqnozdur: Savadsızlıqdan yaranan cəhalət!”
Mirzə Fətəli Axundzadə – Azərbaycanın böyük mütəfəkkiri, milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim və maarifçi. Bütün həyatı boyu doğma vətəninin, xalqının tərəqqisi yolunda yorulmadan çalışıb, yeni dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim fəal münasibət ifadə edib. Zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran yaradıcılığı ilə Azərbaycan mədəniyyətinin inkişafı tarixində parlaq səhifə açıb. 1812-ci ildə Şəkidə anadan olub. 13 yaşınadək ailəsi ilə birlikdə Cənubi Azərbaycanın müxtəlif bölgələrində yaşayıb. 1825-ci ildə anası ilə Şəkiyə qayıdıb. Mirzə Şəfi Vazeh ilə Gəncədəki görüş Mirzə Fətəlinin həyat və yaradıcılığına, onun bir mütəfəkkir kimi formalaşmasına ciddi təsir göstərib. Şərqdə ilk dəfə dram janrında əsərlər yaradıb. “Təmsilat” adı altında birləşdirilmiş altı komediyası 1859-cu ildə Tiflisdə nəşr edilib. 1842-ci ildə Tubu xanımla evlənib. 13 övladı olub. Amma onlardan yalnız ikisi – oğlu Rəşidbəy və qızı Nisə xanım uzun müddət yaşayıb, qalanları isə erkən yaşlarında dünyalarını dəyişib. M.F.Axundzadə 1878-ci il fevralın 26-da ürək xəstəliyindən vəfat edib və Tiflisdə dəfn olunub.
HafizTimes.com böyük mütəfəkkir, görkəmli ictimai xadim, maarifçi Mirzə Fətəli Axundzadənin Amerika yaşayan nəticəsi Fərəh Pezeşkini tapıb, həmsöhbət olub. Jurnalist Hafiz Əhmədovun suallarını cavablandıran Mirzə Fətəli Axundzadənin nəticəsi Fərəh Pezeşki müsahibə zamanı bir çox önəmli məqamdan söhbət açıb, ilk dəfə olaraq Azərbaycan, Bakı ilə bağlı fikirlərini ifadə edib:
– Fərəh xanım, sizi yaxından tanımaq istəyirik…
– Tehranda anadan olmuşam. Los-Ancelesdə psixologiya üzrə magistr dərəcəsi almışam. Hazırda da Los-Ancelesdə yaşayıram, lisenziyalı məktəb psixoloquyam.
– Müsahibə üçün sizə Azərbaycandan yazdığımızı biləndə ilk nə fikirləşdiniz?
– Həmişə ürəyimdə olan anamın vətənindən belə bir xəbər eşitmək məni çox sevindirdi, həyəcanlandırdı və müsahibə verməkdən şərəf duydum.
– Uşaqlıq illərinizi necə xatırlayırsınız? Böyüdüyünüz ailəni təsvir edə bilərsiniz? Ailəniz haqqında bizə məlumat verin.
– Tehranda keçən uşaqlıq illərim çox gözəl idi. Bizə həmişə Mirzə Fətəli Axundzadə haqqında danışan bir mehriban nənəmiz vardı. Buna görə çox xoşbəxt idim. Los-Ancelesdə isə bir qardaşım və bir bacım var.
– Mirzə Fətəli Axundzadə ailəsinin üzvü olmaq necə bir hissdir? Onun adı həyatınıza nə bəxş edib?
– Mirzə Fətəli Axundzadə filosof, sosial islahatçı, tarixçi, dramaturq və ədəbiyyatşünas kimi tanınır. Mən və bütün ailə üzvlərim belə böyük bir insanın qohumu olmağımızla fəxr edirik. O, bizim babamızdır.
– Mirzə Fətəli Axundzadə ilə bağlı valideynləriniz sizə nələr danışıb? Mirzə Fətəli Axundzadə sizin üçün kimdir?
– Yaxşı xatırlayıram ki, anam, xalam və dayım Mirzə Fətəli Axundzadənin adını hörmət və qürurla çəkərdilər. Xoşbəxtlikdən, 1988-ci ilin oktyabrında bacım Pəri həyat yoldaşı, Tokio Universitetinin professoru İraj Parsinejadla Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən Axundzadənin yubiley tədbirində iştirak etmək üçün dəvət olunmuşdular. Mən və bütün ailə üzvlərimiz həmin vaxt Azərbaycan SSRİ-nin qiymətli hədiyyəsi olan bir sənədli filmə baxdıq.
– Sizcə, Mirzə Fətəli Axundzadənin ən dəyərli ideaları nələrdi?
– Hesab edirəm ki, Mirzə Fətəli Axundzadə İran da daxil olmaqla Asiya ölkələrində despotizm və cəhalətə qarşı orijinal ideyaları təmsil edən böyük, qabaqcıl mütəfəkkirdir.
– Mirzə Fətəli Axundzadənin hansı əsərlərini oxumusunuz? Onun yaradıcılığı ilə bağlı nə düşünürsünüz?
– Mən Mirzə Fətəli Axundzadənin fars dilində “Əlifbeyi-cədid” və “Kəmalüddövlə məktubları” kimi tənqidi əsərlərini oxumuşam. Bu əsərlər onun cəmiyyət və dinin tərəqqisi ilə bağlı olan idea və fəlsəfəsini əks etdirir.
Mirzə Fətəli Axundzadənin “Təmsilat” adlandırdığı “Altı pyes”ni də oxumuşam. Hesab edirəm ki, Axundzadə Asiyada Avropa üslubunda pyeslərin yazılmasının əsasını qoyub, pionerdir.
– Mirzə Fətəli Axundzadən necə bir şəxsiyyət idi?
– O, bütün fikrini, qələmini kütlə üçün istifadə edirdi, cəhaləti, ədalətsizliyi, despotizmi tənqid edirdi. Onun yazıları ictimai-siyasi həyat sahəsində müasir ədəbi tənqidin ilk toxumları idi.
– Mirzə Fətəli Axundzadənin oğlu Rəşidlə bağlı bilmək istərik. O, həqiqətən də intihar edib?
– Rəşid mühəndislik təhsili almaq üçün Brüsselə göndərilib. Mən də onun intihar etdiyini eşitmişəm.
– Mirzə Fətəli Axundzadənin nəvəsi Fətəlinin (Rəşidin oğlu) həyatı haqqında bilmək istərdik. O, niyə güllələndi?
– Rəşidin güllənməsinə əmin deyiləm. Bu barədə ailəmizdə heç nə danışmayıblar.
– Mirzə Fətəli Axundzadənin ateist olması haqqında nə bilirsiniz?
– Axundzadə elm və hikmət əsri olan XIX əsrin fəlsəfi və elmi düşüncə tərzini təmsil edirdi.
– Mirzə Fətəli Axundzadə ilə bağlı ən böyük yanlış təsəvvür nədir?
– Ən böyük yanlış təsəvvür odur ki, o, Qafqaz regionunun qubernatoru vəzifəsində işləyirdi.
– Sizcə, Mirzə Fətəli Axundzadənin dahiliyini təsdiq edən ən tutarlı fakt nədir?
– Onun müsəlman cəmiyyətlərinin əsas xəstəliyinə qoyduğu düzgün diaqnoz: savadsızlıqdan yaranan cəhalət!
– Fərəh xanım, sizin işləriniz haqqında bilmək istərdik. İndiyə qədər karyeranızdakı ən böyük nailiyyətiniz nə olub?
– Ən böyük nailiyyətim arzuladığım psixologiya sahəsində təhsilimi başa vurmaq idi.
– Hazırda İranda nə baş verir? Azadlıqları uğrunda mübarizə aparan insanlara nə demək istərsiniz?
– İranda hazırda hər kəs üçün daha yaxşı həyat və gələcək qurmaq üçün çətin döyüşlər gedir.
– Bakı, Azərbaycan haqqında fikirlərinizi bilmək istərdik. Heç Azərbaycanda olmusunuz?
– Azərbaycan barədə bacımdan eşitmişəm. Təəssüf ki, Bakıda olmamışam. Amma ən qısa zamanda Azərbaycana mütləq səfər edəcəm.
– Azərbaycan sizin ailəniz üçün nə deməkdir?
– Azərbaycan zəngin ədəbi tarixə malik gözəl bir ölkədir. Onun İranla ortaq tarixi də var. Azərbaycan mənim və ailəm üçün çox şey deməkdir.
www.RIA24.az