“Ermənistan Cenevrə konvensiyalarına qoşulduğuna görə əsgərimizə verilən işgəncələrlə beynəlxalq qanunları pozmuş sayılır”.
Bunu yolu itirərək Ermənistan ərazisinə keçən Azərbaycan əsgərinin qarşı tərəfdə vəhşicəsinə işgəncə görməsi faktının hüquqi tərəfini Oxu.Az-a açıqlayan vəkil Sahib Məmmədov deyib. O qeyd edib ki, həm Ermənistan, həm də Azərbaycan Cenevrə konvensiyalarının tərəfdarıdırlar:
“Cenevrə konvensiyaları və onlara əlavə edilmiş protokollar isə silahlı münaqişələr zamanı yaralı, xəstə və gəmi qəzasına uğramış hərbçilərin vəziyyətini yaxşılaşdırmaq, hərbi əsirlərə baş çəkmək, mülki əhaliyə köməklik göstərmək və ümumilikdə, humanitar hüquq ilə mühafizə edilən şəxslərə qarşı müvafiq rəftarı təmin etmək hüququnu müəyyən edir.
Əsir düşmüş şəxslə işgəncələrlə davranış cinayət tərkibi yaradır, həm müharibə cinayəti, həm də insanlıq əleyhinə cinayətdir. Ermənistanın qoşulmağa hazırlaşdığı Roma Statutunun məqsədlərinə əsasən, əsirlərlə qəddar davranış hər iki kateqoriyaya aid cinayətdir. Ağırlığından asılı olaraq, 30 ilə qədər cəza müəyyən olunub.
Ermənistan beynəlxalq hüquqa hörmət edirsə, biz bilirik ki, etmir, heç olmasa, daxili qanunlarına hörmətlə yanaşırsa, görüntülərlə əlaqədar cinayət işi başlanmalıdır. Əsirə qarşı işgəncə göstərən şəxslər həbs olunmalıdırlar. Onların hərəkətləri ağır cinayətlər kateqoriyasına aid edilib, ağır cəza verilməlidir. Bu baş verəcəkmi? Əlbəttə, xeyr! Beynəlxalq hüquqa hörmət etmədiyi halda Ermənistan bizə qarşı analoji iddialar irəli sürür, hərbçilərimizi müharibə cinayətlərində təqsirləndirməyə çalışır və s.
Azərbaycan tərəfindən bütün aidiyyəti beynəlxalq qurumlar məlumatlandırılmalıdır. Azərbaycan Baş Prokurorluğu faktla bağlı cinayət işi başladıb. Canilərin beynəlxalq axtarışa verilməsi təmin edilməlidir. Azərbaycan ictimaiyyəti isə kütləvi şəkildə bunu tirajlamalı, sosial şəbəkələrdə, mətbuatda yaymalıdır ki, özünü humanist, fağır, zərərçəkmiş kimi göstərən Ermənistanın xisləti beynəlxalq ictimaiyyətə də məlum olsun”.
Xatırladaq ki, media və sosial şəbəkələrdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun ərazisindən əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşmüş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundovun Ermənistan Respublikası ərazisində əsir düşməsi və ona əlləri bağlı şəkildə açıq-aydın işgəncə verilməsi, qeyri-insanı rəftara məruz qalmasına dair videogörüntülər yayılıb.
Yayılmış həmin videogörüntülərlə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.
Aysel Aslan
www.RIA24.az