Bakıda müəllimdən şagirdə bullinq: “Niyə qız kimisən?”

Cəmiyyət


Bakı şəhərində məktəbdə uşağa qarşı bullinq (bir və ya bir qrup uşağın başqa bir uşağa qarşı bilərəkdən dəfələrlə nümayiş etdirdiyi qərəzli və aqressiv davranış forması – red.) edildiyi iddia olunub.

Bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Bildirilib ki, 225 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi daimi olaraq məktəbin müəllim heyəti və məktəblilər tərəfindən ayrı-seçkilik görür.

İddia edilib ki, şagird gender və cinsi oriyentasiyası haqqında heç kimə bəyan etməsə də, qızlarla dostluq etməsi, saçını ortadan ayırması və söyüş söyməməsi məktəb heyəti və məktəblilərdə ona qarşı qıcıq yaradıb.

Şagird özü qeyd edib ki, oxuduğu məktəbin coğrafiya müəlliməsi Sevda İsmayılova davamlı olaraq sinifdə “niyə qız kimisən?”, “bir az ciddi – kişi kimi ol”, “qızbibi” və sair kimi ifadələr işlədərək onu sinif yoldaşlarının yanında alçaldır.

O əlavə edib ki, sinif otağını tərk edərkən yıxılıb və dəhlizdə huşunu itirməsinə rəğmən, heç kim ona yardım etməyib.

Məsələ barədə 225 nömrəli tam orta məktəbi ilə əlaqə saxladıq.

Məktəbdən Oxu.Az-a verilən məlumatda qeyd olunur ki, məktəbin X və XI siniflərinin şagirdləri (müvafiq səbəbdən adları qeyd olunmur) arasında anlaşılmazlıq zəminində mübahisə yaranıb:

“Məktəb rəhbərliyi tərəfindən hər iki şagird və valideynləri ilə müvafiq söhbət aparılıb, sinif rəhbərlərinə diqqətli olmaları tövsiyə edilib.

Məktəb psixoloqu tərəfindən də şagirdlərlə söhbət aparılıb. Müəllimin şagirdlə danışığına dair qeyd edilənlərlə bağlı müəllimdən izahat alınıb və xəbərdarlıq olunub. Müəllimə şagirdə qarşı münasibətdə həssas davranmaq tövsiyə edilib”.

“Şagirdin sinif otağını tərk edərkən huşunu itirməsi iddiası yanlışdır, belə bir hal baş verməyib”, – deyə təhsil müəssisəsindən vurğulanıb.

İlhamə Əbülfət

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir